Mariya Stadnik finala yüksəldi
Bu gün İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir start götürüb.
Qadın güləşçilərin reytinq xallarının hesablanacağı ilk yarışda komandamızın lideri Mariya Stadnik də turnirdə iştirak edir. 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ardıcıl olaraq Rumıniya, Kanada və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finala qədər üç rəqiblə görüşən Mariya Stadnik bütün görüşlərini vaxtından əvvəl və tam üstünlüklə başa vurub. Rəqiblərindən ümumilikdə 32 xal alan təmsilçimiz heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, Dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olacaq.
Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə 18 fevral saat 16:00-da başlayacaq.
Məlumat üçün bildirək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Qitə və Dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.
50 kq
FINAL - Mariya Stadnik - Yui Susaki (JPN) (18 fevral, saat 16:00)
1/2 final - Mariya Stadnik - Amy Ann Fearnside (USA) 10:0 (1 dəq. 59 san.)
1/4 final - Jessica Anne Marie Macdonald (CAN) - Mariya Stadnik 0:12 (4 dəq. 35 san.)
1/8 final - Emilia Alina Vuc (ROU) - Mariya Stadnik 0:10 (1 dəq. 42 san.)