Hakimlər və məşqçilər üçün seminar keçirildi - FOTO
20-23 fevral tarixində Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan çempionatını idarə edəcək hakimlər və yarışda iştirak edəcək komandaların məşqçiləri üçün seminar keçirilib. Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov və baş katib Orxan Məmmədovun iştirak etdiyi seminarda çempionatın əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, yeniyetmə və gənclər bu ildən etibarən yeni çəki dərəcələri üzrə mübarizə aparacaqlar. Yeniyetmə güləşçiləri cari ilin aprel ayında Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək lisenziya xarakterli Avropa çempionatı və oktyabrda Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək III Olimpiya Oyunları gözləyir.
AGF 1-ci vitse-prezidenti Firdovsi Umudov həm hakimlərin, həm də çempionatda iştirak edən komandaların məşqçilərinin ilk növbədə yarışların reqlamentinə və nizam-intizama riayət etmələrinin vacibliyinə toxunub:
"Yeniyetmə güləşçilər bizim gələcəyimizdir. Onlar gələcəyin Avropa və Dünya çempionatları, Olimpiya Oyunlarının iştirakçısı və mükafatçılarıdır. Təməl nə qədər sağlam və güclü olarsa gələcəkdə nailiyyətlərimiz də bir o qədər çox olar. Bu çempionat həm də seçim xarakteri daşıyır. Biz ilk növbədə güclü heyət formalaşdırmalı, ardınca apreldə keçiriləcək lisenziya xarakterli Avropa çempionatında maksimal sayda vəsiqə əldə etməliyik. Hamılıqla çalışmalıyıq ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bizə göstərdiyi etimadı doğruldaq, qazanacağımız yüksək əyarlı medallarla xalqımızı və bütün güləşsevərləri sevindirək."