Boksçularımızdan biri uddu, ikisi uduzdu
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja” turnirinə start verilib.
69-cu dəfə keçirilən yarışın ilk günündə Azərbaycanın 3 idmançısı rinqə çıxıb.
Məsud Yusifzadə turnirə qələbə ilə başlayıb. 52 kq çəki dərəcəsində mübarizə aparan boksçu ilk görüşündə bolqarıstanlı Tinko Banabakovu mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. Yusifzadə fevralın 23-də təşkil olunacaq 1/4 final görüşündə iranlı Reza Suleymanifardla üz-üzə gələcək.
Elvin İsayev (64 kq) və Rahil Məmmədlinin (91 kq) debütü isə uğurlu alınmayıb. Onlar müvafiq olaraq, Luis Rodriques (Braziliya) və Abzal Kuttibekova (Qazaxıstan) uduzub.
Qeyd edək ki, Azərbaycan yığması 32 ölkədən 300-dən artıq boksçunun qatıldığı turnirə 7 idmançı ilə yollanıb. Onlardan bu gün daha ikisi mübarizəyə qoşulacaq.