Fərid Mansurov: "İndiki turnirlər tramplindir"
Gənclər və İdman Nazirliyində Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatında və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate 1 Premyer Liqa turnirində medal qazanan idmançılarla görüş olub.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, idmançılar və digər şəxslər iştirak ediblər.
İdmançıları təbrik edən F.Mansurov əldə edilən nəticələrin önəmindən söz açıb. O bildirib ki, bu turnirlər gələcək yarışlar üçün tramplindir: "Karate 1 Premyer Liqa turniri önəmli yarışdır və bunlar böyük qələbələrdir. Bu uğurlar bir daha göstərdi ki, Azərbaycan doğru yoldadır. İndiki turnirlər gələcək yarışlar üçün tramplindir. Taekvondoçularımızın Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanacaqlarına ümid edirəm. Hər iki federasiyanın nümayəndələrinə yeni uğurlar diləyirəm”.
Nazirlik rəsmisi AMKF-də yeni vəzəfələrə təyinat alan Fərid Əsgərovla MirHəsən Seyidovu təbrik edib, 5 qat dünya və 12 qat Avropa çempionu Rafael Ağayevə olimpiya çempionluğu arzulayıb.
Y.Bəşirov bildirib ki, əsas məqsədləri idmanın zirvəsi olan Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır: "İnanıram ki, Azərbaycanı yüksək səviyyədə təmsil edəcəyik. Dünyada yeganə 5 qat dünya 12 qat Avropa çempionu bizdədir. Rafael Ağayev ölkəmizi yüksək səviyyədə təmsil etdi. Bizi qarşıda Avropa və dünya çempionatı gözləyir. Yenə qızıl medal qazanacağımıza əminəm. Milli Olimpia Komitəsinin rəhbərliyi idmana qayğı ilə yanaşır, biz isə bunu doğrultmaq istəyirik”.
Karate üzrə kişilərdən ibarət yığmanın baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edə Şahin Xudaverdiyev çox çətin rəqiblərə qarşı çıxış etdiklərini söyləyib və idmançıların etimadı doğrultduqlarını vurğulayıb: "Ümumilikdə, 4-5 medal qazana bilərdik. Gələcəkdə bizi böyük yarışlar gözləyir. Orada daha yaxşı nəticələr göstərməyə çalışacağıq”.
Karateçilərdən 50 kq çəki dərəcəsi üzrə yarışda bürünc medal qazanmış Nuranə Əliyeva olimpiya mükafatçı olmaq istədiyini söyləyib: "Finala çıxa bilmədim. Qarışdakı yarışlarda özümü daha yaxşı tərəfdən göstərməyə çalışacağam”.
Rafael Ağayev də Yay Olimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməyi hədəflədiyini deyib. O, ötən ay Paris Premyer Liqasında ikinci yeri tutmasına da münasibət bildirib: "Yaponiyalı idmançı gənc və güclüdür. Finalda son saniyədə rəqibə xal verdim. Özümə həm də məşqçilik etməliyəm”.
Taekvondo üzrə Azərbaycan millisinin məşqçi heyəti də yarışın önəmindən danışıb. Z.Məmmədov Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanacaqlarına inandığını söyləyib.
Qeyd edək ki, Türkiyədə gənclərdən ibarət Azərbaycan yığmasının 17 taekvondoçusu mübarizə aparıb. Onlardan 11 nəfəri fəxri kürsüyə yüksəlməyi bacarıb. Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) qızıl, Xanoğlan Kərimov (48 kg), Ayaz Qənbərli (51 kq), Ofeliya Allahverdiyeva (42 kq) gümüş, Fatimə Həsənova (33 kq), Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə bürünc medal qazanıblar.
Karate 1 Premyer Liqa turnirində isə Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medal əldə ediblər.