Azərbaycan çempionatı başladı

Yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb.  
 
Bakı İdman Sarayında baş tutan yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir. Yeniyetmələrin yarışında klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər. İlk yarış gününün final görüşlərindən öncə çempionatın rəsmi açılış mərasimi baş tutub. Çempionatı idarə edən hakimlər və iştirakçı idmançılar musiqi sədaları altında arenaya daxil olub.
 
Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi, Olimpiya çempionu Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər. Natiqlər bildirib ki, ölkəmizdə dövlət səviyyəsində idmana və idmançılara, xüsusən güləşçilərə göstərilən diqqət və qayğının nəticəsində ilbəil beynəlxalq arenalarda qazanılan nailiyyətlərin sayı artır. Bu il Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək III Olimpiya Oyunlarında yeniyetmə güləşçilərin maksimal heyətlə iştirakının vacibliyini bildirən çıxışçılar, yığma komandalara seçim xarakterli Azərbaycan çempionatının əhəmiyyətini vurğulayıblar.
 
İlk yarış günündə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 182 pəhləvan mübarizə aparıb. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.