"Admira”nın 12-13 meydançası,bizim komandanın isə ruhu var
Avropa Liqasının II təsnifatmərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Kəpəz”- "Admira” matçı öncəsi mətbuat konfransı keçirilib.
Olimpsport.az xəbər verir ki, "Kəpəz”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin ssuallarını cavablandırıb:
"Hər birinizə təşəkkür edirəm. Bütün mediaya minnətdaram. Hamınız bizə dəstək oldunuz, futbolçularımızı motivasiya etdiniz. Rəqibimiz səviyyəli komandadır. Onların yoxlama matçlarını izləmişdim. İlk oyunda müdafiədə etibarlı oynadıq. Şanslar bərabərdir. Oyunçularım hər şeyi dərk edirlər. İstəyirik ki,başımızdan yuxarı tullanaq. Bu oyunda hər iki komanda diqqətli oynamağa çalışacaq. Bizi sabah çətin oyun gözləyir. Heyətlə bağlı problemlərimiz var idi. Ebah və Renan zədəli olsalar da, komandaya qoşuldular. Onlar sabahkı matçda iştirak edə biləcəklər".
- Sabah "Kəpəz” risk edəcək?
- Belə oyunlarda riskli deyil, ağıllı oynamalıyıq.
- Bu oyunu "Kəpəz” karyeranızıdakı ən vacib oyun adlandırmaq olar?
- Fikrimcə, bəli. Oyunçularım hər şeyi yaxşı dərk edir. Həyatımın ən məsuliyyətli oyununa çıxacam. İnsan həmişə itirəcəyi şeyə görə qorxmalıdı. "Admira” "Daçiya”dan qat-qat güclü komandadı. Kağız üzərində onların şansı daha çoxdu. Bizim 2 üstünlüymüz ola bilər: motivasiya və aqressivliyimiz. Hər qarış uğrunda mübarizə aparmalı, daha çox hərəkət etməliyik.
- "Admira”nın Şişxanovu varmı?
- Bu komandanın Şişxanovu prezidenti və baş məşqçisidi. Soyuqqanlı davranmaq lazımdı. Düşünürəm ki, "Admira"nın adı elə Şişxanovun özüdü.
- Rəqibin zəif tərəflərini təhlil edib, tapmısızmı?
- Rəqibin 3 oyununa baxdım, boş sahə görmədim. Mən bu gün daha iddialı danışa bilərəm. Amma bu günün sabahı da var. Mən təriflənəsi komandanı tərifləyirəm. Öz komandamızda nəyi gücləndirə biləcəyəm, onu axtarıram.
- Bu gün üzünüzdə təbəssüm yoxdur. Məşqə də belə gedəcəksiz?
- Məşqə çıxanda daha ciddi olacam. Özümüzü ab-havaya uyğun aparmaq lazımdı. Gülüş insanı bir qədər "boşaldır”. Əlbəttə ki, zarafatın öz yeri var. Bu günkü vəziyyət onu tələb edir ki, həm mən, həm də futbolçular oyuna ciddi yanaşaq.
- "Kəpəz”in ağır şəraitdə oyunlara hazırlaşması hər kəsə məlumdu. Komandanın III mərhələyə çıxması sürpriz olmayacaq ki?
- İndiki duruma baxsaq, bunu deyə bilərəm. "Admira”nın 12-13 meydançası var. Bizim komandanın isə ruhu var. Çətinliklərimiz mövcuddu, rəhbərliklə söhbətləşirik. Çətinliklə olsa belə, futbolçular üçün şərait düzəldilib. Futbol adına növbəti mərhələyə "Admira”nın yox, "Kəpəz”in çıxması, bəlkə də, ədalətsiz olar. Bunu komandaların şəraitləri arasındakı fərqə əsasən deyirəm. Amma "Daçiya” da bizi o komponentlərdə üstələyirdi, lakin bizim ruhumuz qalib gəldi. Sabah meydana çıxandan sonra heç bir bəhanəmiz olmamalıdı.