“Qarabağ”ın Çempionlar Liqasında 10-cu matçı
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Düdelanj”la Lüksemburqdakı oyunu “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində 10-cu matç olacaq. İndiyədək bu turnirdə 9 qarşılaşmaya çıxan Qurban Qurbanovun yetirmələri 5 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə meydandan məğlub ayrılıb.
“Qarabağ” Çempionlar Liqasında 10 qol vurub, 4-nü buraxıb. Əyalət klubu bu yarışda cəmi 2 il əvvəl debüt edib. 2014/15 mövsümündə Malta “Valletta”sını (1:0, 4:0), ötən mövsüm Monteneqro “Rudar”ını (0:0, 1:0) mübarizədən kənarlaşdıran ağdamlılar II təsnifat mərhələsinin “Düdelanj”la görüşünü (2:0) də nəzərə alsaq, bu raundda qol buraxmayıb.
Ötən iki mövsümün hər ikisində “Qarabağ” III təsnifat mərhələsində dayanıb. Əvvəl Avstriya “Zalsburq”u (2:1, 0:2), ardınca Şotlandiya “Seltik”i (0:1, 0:0) keçilməz olub. (sportinfo.az)