Həsən Əliyevin rəqibi medaldan məhrum edildi

Dopinq-testi müsbət nəticə verən rusiyalı güləşçi Aleksandr Çexirkin 2017-ci il dünya çempionatında qazandığı gümüş medaldan məhrum edilib.
 
Bu barədə "RİA Novosti”yə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib. O, səbəb kimi Çexirkindən götürülən dopinq-testin müsbət nəticə verməsini göstərib. 
 
Dünya Güləş Birliyi (UWW) isə 75 kq çəki dərəcəsində mübarizə aparan 32 yaşlı idmançının cəza müddətinin azaldılmasına dair qərar qəbul edib. Bu barədə idman vəkili Artyom Patsev "facebook” səhifəsində yazıb: "İdmançı üçün sanksiyanın əhəmiyyətli dərəcədə - 4 ay müddətinə azaldılmasına nail oluq. Aleksandr bu gündən etibarən məşq edə və yarışlara qatıla bilər”.
 
Cəza müddətinin 4 aya endirilməsinə səbəb Çexirkinin UWW-ni dopinqi bilərəkdən qəbul etmədiyinə inandırması olub. Beləliklə, idmançının cəza müddəti yanvarın 28-də başa çatıb.
 
Qeyd edək ki, ötən il 20 – 25 avqustda Fransa paytaxtında keçirilmiş dünya çempionatında 75 kq çəki dərəcəsində Azərbaycanı Həsən Əliyev təmsil edib. O, 1/16 finala təsadüf edən ilk görüşündə yaponiyalı Şohey Yabikuya uduzub. Çexirkin isə finalda serbiyalı Viktor Nemesə yenilib.