Vasif Acalov: “Yaxşı jurnalist olmaq istəyənin çiynini ştativ yara etməlidir” - MÜSAHİBƏ+FOTOLAR
Adətən müsahibələrimiz idmançılar, məşqçilər, idman xadimləri olurdusa, bu dəfə fərqlilik etmək qərarına gəldik.
Həmsöhbət olacağım insan, jurnalist, CBC Sportun kanalının əməkdaşı Vasif Acalovdur.
Vasif, fəaliyyətin televiziya sayəsində, xüsusən də idman jurnalistikasında rolun haqqında bəzi məqamları biz bilirik. Amma, bunları oxucularımıza da çatdırmaq istərdim. Artıq uzun müddətdir bu sahədə çalışan Vasifi jurnalist
olmağa nə vadar etdi? Hansı dönəmdən sonra jurnalist olmaq istədin?
Mənim jurnalistikaya gəlməyimdə ən önəmli rolu valideyinlərim oynayıb. Xüsusi
ilə anam. O vaxtlar xəbərləri izlədiyimiz zaman anam daima məni xəbərlərdə,
televiziyada görmək istəyirdi. Artıq psixologiyamda bu fikirlər formalaşırdı. Mən
hüquqşünas, arxeoloq da olmaq istəmişəm. Qəbul imtahanı ərəfələrində isə qəti
şəkildə jurnalist olmaq qərarına gəldim və beləcə Bakı Avrasiya Universitetinin
“Beynəlxalq Jurnalistika” fakültəsinə daxil oldum.
Adətən Azərbaycan mediasında irəli getmək hər insana nəsib olmur.
Televiziya sahəsində isə daha çox rəqabət var. Acalovu rəqabətlərdən qalib
edən, seçib önə çıxaran nə oldu? Televiziya sahəsində tanıdığın insanların
köməyi? Yoxsa özüm vuruşaram dedin?
Universitetə qəbul olduğum dövrdən artıq bəzi işlərlə məşğul olmağa başladım. Bunlara bir sıra qəzetlər, universitetin daxilində sədr, müavin, departament rəhbəri eləcə də universitetdən kənar mərkəzlərdə də özümü sınadım. Universitet dövrlərində nəinki mənə hətta qrupdakı hər kəsə əziz 2 müəllimimiz olub ki, jurnalist olmağımda onların da əməyi çoxdur. Onlar Rövşən Raqifoğlu və Rövşən Binnətlidir. Sizə bir sirr açım ki, universitet də bəzi müəllimlərimiz bizi daim ruhdan salmağa, jurnalist olmaq yolundan daşındırmağa çalışırdı. Artıq
qrupda 4-5 nəfər jurnalistika sahəsində çalışmaq istəyən qalmışdı ya yox. Lakin
dediyim ki, həmin iki müəllim bizdə yenidən jurnalistikaya sevgi oyatdı. Bu günə
qədər həmin müəllimlərimin mənə dəstəyi, köməyi var. Televiziya sahəsində
irəlidəyəm deməzdim. Məndən yaşca böyük daha qabaqcıl daha təcrübəli
jurnalistlər var. Lakin yeniliklər və daha da yaxşılara doğru getmək yollarının
axtarışındayam. Bir məqamı da qeyd etmək istərdim ki, jurnalistikaya, televiziya sahəsində “day-dayla gələ bilərsən amma ... Ola bilər ki, kimlərsə jurnalistikaya bu yollarla gəlib. Lakin Belə ifadə edim : “Jurnalistika hər kəsin üzünə doğan günəşdir. Lakin o günəşin istisinə dözmək artıq hər kəsin bacaracağı iş deyil”. Bu sahədə
mənə dəstək olanlar olub. Lakin mən jurnalistikaya “day-dayl’a gəlməmişəm. Bəzi
insanlar jurnalistika deyərkən yalnız səhnə, televiziya düşünürlər. Bu belə olmalı
deyil. Jurnalist daima cəmiyyət içərisində olmalıdır. Mən də təcrübəli
jurnalistlərimizdən məsləhətlər almışam və onlar da mənə dəfələrlə deyiblər ki;
“Yaxşı jurnalist olmaq istəyənin çiynini ştativ yara etməlidir”. Yəni televiziyada
aparıcı olmadan öncə reportyor olmaq lazımdı. İnsanların fikirlərini daha çox öyrənməlisən, daha çox cəmiyyətlə əlaqədə olmalısan.
Televiziya sahəsinə addım-addım yaxınlaşmısan. O addımlarla bizi daha yaxın
tanış edə bilərsən? Ümumiyyətlə hansı hadisələri yaşadın bu dövrə qədər?
Televiziyaya 2013-cü ildən gəlmişəm. Bayaq da qeyd etdiyim kimi universitetə
qəbul olduqdan bəri müxtəlif sahələrdə, müxtəlif təşkilatlarda çalışmışam. Mən
Acalov soy adını daşıyıram. Çalışdığım hər bir yer mənə xüsusi təcrübə qazandırıb.
Hər zaman özümə demişəm ki, “Keçmişini unutma, o sənin gələcəyinin
müəllimidir. O zaman uğur əldə etmək olar. Kim olmuşam mən ? Nə etmişəm ?”
2008-2012 ci illərdə Bakı Avrasiya Universiteti –Beynəlxalq Jurnalistika fakültəsinə
daxil olmuşam. 2008-ci ildə BAAU-nun Tələbə Həmkarlar Ittifaqının Mədəni
Kütləvi Tədbirlərinin sədri seçilmişəm. “Şən və hazırcavablılar” klubunda "GƏNC
DİPLOMATLAR" komandası ilə Respublika üçüncüsü olmuşam. 2009-cu ildə BAAU-
nun Tələbə Gənclər Təşkilatının Mədəni Kütləvi Tədbirlərinin sədri təyin olundum
və universitetin 1-ci yaradıcılıq festival-müsabiqəsində Teatr və KVN
nominasiyasında fərqləndiyim üçün 2 ədəd diplomla təltif edildim. “Tolerant
Azərbaycan Gənclər Birliyi”ni Yaratmaq üçün təşəbbüs göstərdim. Bununla
bərabər olaraq "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının üzvü oldum. 2011-ci ildən BAAU-nun TGT-nin İdarə heyətinin rəhbəri
təyin olundum, “Stimul Gənclər Şəbəkə”sinin sədri kimi də fəaliyyət göstərdim. Bir
sıra uğurlu layihələrə imza atdım. Ən yadda qalanı isə "Jurnalistikanın Sirləri"adlı
layihəm oldu.2012-ci ildə “Azərbaycan Sayokan Döyüş Növləri Federasiyası”nın
ictimaiyyətlə əlaqələr departamentinin sədri seçildim. Daha sonra isə hərbi
xidmətə yollandım.2013 – cü ildə isə Hərbi xidməti başa vurdum. Televiziya
sahəsində fəaliyyət göstərmək arzuma “Lider Televiziyası”nda çatdım. Öncə
təcrübə keçərək - Vətənpərvərlik redaksiyasında işlədim, Daha sonra isə Avropa Oyunları öncəsi öz marağıma uyğun olaraq İdman redaksiyasında fəaliyyətə başladım. Bu müddət ərzində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev yanında Dövlət Gömrük Komitəsinin İdman
klubunda media işlərini görürdüm.
Və nəhayət Lider televiziyası. Arzularına çatmış, hətta arzularından da irəli
gedəcəyini bilməyə başlayan Vasifin sınağlarla, eyni zamanda maraqlarla dolu
televiziya həyatı başlandı. Geniş danış bu haqqda...
Hərbi xidmətdən qayıtdıqdan sonra bir çox kanallara CV göndərmişdim. Eləcə də
Lider TV-yə. Mənə zəng gəldi və mən çağırıldım. Mənim kimi 100-dən çox insan
çağırılmışdı. Çox həyəcanlı idim. Seçilməyə də bilərdim. Lakin mən seçildim,
imtahan verdim və təcrübəçi kimi işə qəbul olundum. Mənim müəllimim Rövşən
Raqifoğlu da Lider TV-də çalışırdı. O mənə daim məsləhətlər verir, dəstək olurdu.
Təxminən 7 ay təcrübəçi kimi çalışdım. Lider TV-də çox şey öyrəndim. Bəzən yaşlı
jurnalistlər bizə yəni yeni işə başlamış jurnalistlərə yaxınlaşıb; “Sizdən jurnalist
olmayacaq” deyirdilər. Lakin mən qıcıqlanaraq daha da həvəslə davam edirdim.
Operatorlardan öyrəndiklərim daha çox idi. Jurnalistlər arasında daha bir deyim
var ki, “Kimin yaxşı jurnalist olduğunu sürücülərdən və operatordan soruş”.
Ümumilikdə isə Lider TV mənə sadiq dostlar və çoxlu təcrübə qazandırdı.
Sosial şəbəkələrdə aktivsən və elə sosial şəbəkələrdə paylaşdığın bir yazıda
diqqətimi daha çox çəkən məqam oldu. Lider TV-də ilk maaşın 100 azn olub.Hər bir insan üçün maadiyyat çox önəmlidir. Bəs Vasif üçün Lider TV ilk maaşı 100
azn olan televiziyadan fərqli idi?
Mən bu paylaşımı bir türk teleaparıcı ilə əlaqəli etmişdim.Tv 8-in rəhbəri Acun
İlicalı ilə bağlıdır. Onun da ilk maaşı 100 dollar olub deyəsən . İlk maaşımın 100 azn
olduğu isə doğrudur. Madiyyat insan həyatında çox önəmlidir. Jurnalistikada,
televiziya sahəsində isə ikiqat önəmlidir. Televiziyada olan insanın gərək geyimi və
s. daim yenilənsin. Bundan əlavə ailəsini təmin etməlidir ki, fikri hansısa bir
problemi həll etmək yollarında qalmasın ki, keyfiyyətli iş görə bilsin. Mən də bir
çoxları kimi işə başlarkən demək olar ki, 1 ilə yaxın müddətdə maaş almamışam.
Sonradan isə 100 azn və get-gedə artan bir məbləğlə maaş aldım. Indi isə şükür
Allaha hər şey yaxşıdır.
Media nümayəndələrini bir araya gətirən ilk partinin təşkilatçısı olmusan. “Media Party”
nə kimi yadda qaldı?
Bəli. Azərbaycanda ilk dəfə idi və Gənclər Gününə təsadüf edirdi. Nə dərəcədə
uğurlu alındığını artıq orada cəmləşən media nümayəndələri bilər. Təəssüf ki,
yerimiz az idi amma təxminən 100 nəfərə yaxın media nümayəndəsi iştirak
etmişdi. Ümumiyyətlə öyrənməyi, kimdənsə hansısa yaxşı bir cəhəti götürməyi
sevdiyim qədər də, ilklərə imza atmağı da sevirəm. “Media Party ”də isə bir neçə
saatlıq da olsa gərgin iş rejimindən uzaqlaşıb istirahət etdik.
Mövzudan azacıq kənara çıxacağam. Bir İdman jurnalisti futboldan kənar qala
bilməz təbii ki. Azərbaycan klublarından Qarabağ klubunu xüsusi sevdiyini,
oyunlarına xüsusi diqqət yetirdiyini də bilirik, hətta dünya mediasına səs-səda
salan Ladies-of- Qarabağ”ın yaradıcılarından biri olduğunu da. Bunun haqqında
nə deyə bilərsən?
Öncəliklə bir məqamı vurğulayım ki, mən özümə idman jurnalisti deməzdim. Mən
jurnalistəm. “Ladies-of- Qarabağ” adlı fan klub qurmaq yoluna Günay Yelmarqızı ilə
birgə çıxdıq. İstəyən də var idi istəməyən də. Fan klub olaraq iştirak etdiyimiz ilk
oyun “Qarabağ-Sent Ettiene” oldu. Fan klub Dünya və Azərbaycan mediasında
işıqlandırılırdı. Artıq 4 ilə yaxındı fəaliyyət göstərir və Qafqazda ilk xanımlardan
ibarət fan klubdur. Son zamanlar xüsusi ilə diqqət çəkməyi bacardı Çünki əsas
uğurumuz Çempionlar Liqasında oldu. 200 nəfərdən çox xanım azarkeşlə iştirak
edildi bu oyunlarda. Bu tək mənim və ya Günay Yelmarqızının yox bütün fan
klubun uğurudu. Qarabağ klubu isə bəli, məni daha çox çəkir. Mən sırf Qarabağ
adına xidmət edirəm. Qarabağ bizim yaralı yerimizdir. Təkcə futbol klubu yox
istənilən Qarabağ adlı qurum və s. diqqətimi çəkə bilər.
Vasifin 2 illik Lider TV macərası başa çatdı və yeni bir başlanğıc,
yeni uğurlar. Ümumilikdə desək CBC sport...
Bəli. Kanal həmin dönəmlərdə yeni yaranmış kanal idi. Qısa müddətdə böyük
uğurlar əldə edirdi. CBC Sportda təcrübəmin üzərinə təcrübə gəlir. Bu gün də orda peşəkar bir heyət var, yeniliklərin və sürprizlərin kanalıdır. CBC Sportdan çox məmnunam.
Araşdırmalarımın nəticəsində tələbəlik illərin zamanı özünü film çəkməklə-rejissorluqla
da sınadığını öyrəndim. Bəs həmin filmləri çəkməyə olan marağın nədən
qaynaqlandı?
O zamana qədər mən universitetdə KVN də fəaliyyət göstərirdim. Bir sıra
uğurlarımız olurdu. KVN maliyyə vəziyyəti yaxşı deyildi. O dönəmlərdə bir sıra
dəyişikliklər oldu. Teatrlar var idi və mən teatra keçid etdim. Bir sıra obrazlar
canlandırdım xüsusilə Dahi türk yazarı Nazim Hikmətin “Fərhad-Şirin” əsərində
“Fərhad” və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərində “Erkin”
obrazlarını qeyd edərdim. Elə həmin vaxtlarda narkomaniya ilə bağlı tədbirlər
keçirilirdi. Nə edə bilərdim? Madiyyat da yox idi. Az bir büdcə ilə, təxminən 30 azn
pul ilə yemək və ya yol xərclərimizi ödəməyə çalışdıq. Bu zaman mən “Ağ yuxu”
filmini çəkdim. Rejisor deyiləm. Sadəcə nəsə öyrənməyə çalışdım. Əlimi hər tərəfə
atırdım universitet vaxtı. (gülür)
Bəs Vasif xarakter olaraq necə bir insandı? Həyatda sənin üçün önəmli olan nədir?
Bir balaca əsəbiyəm deyirlər. Mənim üçün dostluq və düzgünlük önəmlidir. Tam
olaraq isə necə biri olduğumu mən deyə bilmərəm.
(Müsahibənin bu yerində onu da deyim ki, Vasifin özü haqqında geniş danışa
bilmədiyini görüb dostlarına müraciət etdim. Çünki adətən bir insanın necə biri
olduğunu dostlarından soruşarlar. Bu minvalla Rəfiqə Əziz, Ürfan Məmmədli və
Nurlan İbrahimova üz tutdum.)
Rəfiqə Əziz-jurnalist:
Vasiflə mən Lider TV-də tanış olmuşam. İş yoldaşı olmuşuq.
Daha sonra o, CBC Sporta keçdi, ardınca da mən. Münasibətimiz həmişə çox gözəl
olub amma CBC Sportda doğmalaşdıq. Tanıdığım ən dostcanlı insanlardan biridir.
Ürfan Məmmədl – telejurnalisti:
Vasif haqqında nə bilib bilmədiyinizi bilmirəm.
Amma adam dostunun mənfi tərəflərini başqasına deməz prinsipi ilə üz tuturuq
müsbət cəhətlərinə. Dostluqda möhkəmdir. Özümdən çox ona etibar edirəm.
Təkcə yaxşı günün yox, dar günün dostudur. emosionaldır, tez özündən çıxmağı
var. Guya mənfi cəhətlərini deməyəcəkdim (gülür). Dəfələrlə eşitmişəm ki, mən
olmadığım yerdə arxamca danışanların cavabını verib. Bu məni sevindirməyə
bilməz, amma Vasifi qurban vermək istəmirəm.
“Qurban vermək istəmirəm” məqamına daha yaxından toxunaq. Nəyi demək
istədiz?
Çünki özünü dostu ucun oda atmağı var. Gənc kadrlara hər zaman dəstək olur.
Hətta dəfələrlə ona demişəm ki, yeni gələn əməkdaşlarla dil tapmaq yaxşıdır,
amma tez bir vaxtda yaxınına buraxma! Hami senin saflığını düzgün
dəyərləndirmir.
Bəs dost məsləhətinə, iradına qarşı necədir Vasif?
Hər adamdan irad qəbul etmir. Bu yaxşı keyfiyyətdir. Özünə yaxın bildiyi və
savadına güvəndiyi insanlardan iradlara isə hər zaman müsbət yanaşır. Məncə bu
xüsusiyyət bizim ortaq cəhətlərimizdən biridir.
Nurlan İbrahimov-Qarabağ FKnın Mətbuat Xidməti üzrə rəhbəri :
Vasif çox mərd, vətənə millətə xeyirli və lazımlı biridir. Biz Vasiflə çox yaxınıq. Çox müsbət mənəvi
dəyərlərə malik insandır. Dost yolunda hər cür fədakarlıqlar edə biləcək insandır.
O, həqiqətən də Azərbaycan futbolu üçün çox böyük işlər görür.” Ladies of
Qarabağ”ı buna əsas misal kimi göstərərdim. Fan klubu formalaşdırmaq,
təmınnasız əziyyət çəkmək böyük bir işdir. Bunu yalnız böyük ürəyi olan insanlar
bacara bilər.
Ürfan, Rəfiqə və Nurlana təşəkkürlərimizi bildirib, Vasifin həyatında önəmli
insanlardan biri olan Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarasində baş məsləhətçisi,Avrasiya Kombat Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalova üz tutduq . Aqil müəllimə görə Vasif necə bir insandır, əmioğludur?
Vasifdən çox şey deyə bilərəm. Ən sevdiyim əmim oğlu. Şərəfli,
qeyrətli, mərd bir oğuldur. Soy adına layiq bir insandır. Onunla fəxr edirəm. Qızıl
ürəkli, dostluqda sədaqətli, qayğıkeş biridir. Vasifin xəmiri belə yoğurulub.
Aqil bəyə də təşəkkürlərimizi bildirib, qayıdırıq söhbətimizə.
Ölkəmiz üçün öəmli bir sıra yarışlarda , xüsusən 2017-ci ildə Formula 1 yarışlarında bir sıra ölkələrdə oldun, Azərbaycan jurnalistikasını layiqincə təmsil etdin, Bir çox yarışlardan mükafat belə aldın...
Öncə bunu deyim Avropa oyunlarından sonra mənim üçün ən böyük və sevimli
yarışlardan biri oldu. Formula 1.də üzərimə düşəni layiqincə yerinə yetirməyə
çalışdım. Bu mənim borcum idi. Daha sonra isə Bakı Şəhər Halqası ilə birlikdə Abu
Dabiyə yollandıq. Orada mövsümün son yarışı keçirilirdi. Hər hansısa bir işi
görərkən, çəkilişə gedərkən hansısa bir mükafat alacağımı düşünmürəm. Sadəcə
keyfiyyətli iş görməliyəm. Mövsümün sonunda isə federasiyalar tərəfinfən
fərqləndirilərək mükafata layiq görülmək isə təbii ki, məni sevindirdi.
Bu sualım şablon səslənəcək. Həyata 2-ci dəfə gəlsəydin yenə də jurnalist olmaq istəyərdin?
Həyata ikinci dəfə gəlmək şansım yoxdur (gülür) . Lakin yenidən gəlsəydim bəli,
jurnalist olardım.
Sonda sənə karyeranda bol uğurlar arzulayıram. Vasif Acalov mükafatların
davamlı, saysız-hesabsız olsun. təklifimi qəbul edib, həmsöhbət olduğun üçün
təşəkkürlər.
Mən də Olimpsport.az rəhbərliyinə, bu müsahibənin əziyyətini çəkdiyin üçün sənə
təşəkkürümü bildirirəm.
Söhbətləşdi: Nuriyə Zeynalova