Bu ilki "Kəpəz" daha güclüdü

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda evdə "Admira"ya uduzaraq (0:2) mübarizəni dayandıran "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Olimpsport.az saytının xəbərinə görə, Diniyev məğlubiyyətə belə şərh: "Əsas planımız bu idi ki, 80-ci dəqiqəyə kimi heç-heçə oynayıb, sonradan dəyişiklərlə oyunun taleyini həll edək. Çox acınacaqlı qol buraxdıq. İkinci hissədə risk edib, hücum futbolu oynamaq məcburiyyətində qaldıq. Çoxsaylı qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Həyat davam edir. Artıq Azərbaycan çempionatına köklənəcəyiik. Bu ilki "Kəpəz" daha güclüdü. Düzgün yoldayıq. Uğurlarımız irəlildədi. İlk mərhələni keçəcəyimizə ümidli deyildik. Ancaq futbolçular boyundan yuxarı tullana bildilər. Bizi maraqlı çempionat gözləyir".

 

- 2:0 gözləyirdik, 0:2 oldu...

- Komanda rəqib nə qədər imkan verir, o qədər oynayır. Rəqib pressinq tətbiq etdiyindən oyunumuz alınmadı. Doğrudan da şişirdiləsi komandadı. Birinci hissədə buraxılan qol oyunun taleyini həll etdi. Futbol təkcə emosiyalarla oynanılmır. İlk dəqiqələrdən irəli atılsaydıq, yenə uduzacaqdıq. Məsələyə real yanaşmaq lazımdı. Əlimdə olan materialdan maksimum istifadə etməyə çalışdıq. Fikrimcə, düzgün taktika qurmuşdum.

 

- Ebah oyunda 2 yüz faizli qol epizodunu qaçırdı...

- Ebah təcrübəlidi, bu cür səhv etməməli idi. Ancaq belə alındı, artıq kimisə günahlandırmaq gecdi. Ancaq o fürsətlərdən, xüsusilə birinci epizoddan mütləq istifadə etməliydi.

 

- Rəhbərliyin sizdən tələbi nədi?

- Hər bir insan reallığı görür. Rəhbərliyin məndən heç bir tələbi yoxdu. Komanda avrokuboklarda yaxşı mübarizə apardı. Rəqiblərimiz bizə uyğun deyildi.

 

- Ötən mövsüm heyətdən şikayət edirdiz...

- Ötən mövsüm təxminən 7-8 əsas heyətə layiq oyunçumuz var idi. Bu gün isə əsas heyətə layiq 11 futbolçumuz var. Ehtiyatı da saysaq, 15 futbolçu ilə rahat oynaya bilərik. Nəzərə alsaq çempionatda 8 komanda oynayacaq, bu heyət kifayət edəcək.

 

- "Kəpəz" ölkənin ikinci ən köklü klubudu. Bayaq dediz ki, vəziyyətdən şikayətlənmirəm. Bəlkə də əsl səbəb budu?

- Şikayətlənməklə düzələcək? Reallığı görmək lazımdı. Vəziyyətin düzəlməyəcəyini görürsənsə, əldə olan imkanlarla işləməyi bacarmalısan. Komanda 3-5 aya formalaşmır. Bu gün komandanın nəticələri rəhbərliyi yeni addımlar atmağa vadar edəcək.

 

- Bu gün stadionda "istefa" sədaları eşidilirdi...

- Onlar gəncəli azarkeşlər deyildi. Hətta stadiondakı gəncəli azarkeşlər də həmin şəxsə etiraz etdilər. Ancaq mən istefadan qorxmuram.

 

- Yeni transferlər gözlənilir?

- Yox. Məncə, çempionatda bu heyətlə oynamaq olar.

 

- Adətən, sakit insan kimi tanınsaz da, son vaxtlar çox aqressiv görünürsüz...

- Bəli, sakit insanam. Bəlkə də indi bir az qocalmışam. Ancaq bəzən insan emosiyalarına sahib ola bilmir. Tribunadakı azarkeşlərdən biri 90 dəqiqə ərzində "Turalı burax" deyirdi. Heç bilmədim hansı Turalı deyirdi (gülür). İstəyirəm ki, komanda üçün ən yaxşısı olsun. Futbolçuları övladım kimi sevirəm. Bugünkü oyuna görə də hamısına təşəkkür edirəm. Futbolçu meydana çıxdısa, heç nəyi bəhanə etməməlidi.