"Cümhuriyyət ili" münasibətilə güləş turniri keçirildi - FOTOLAR
Bu gün "Olimpsport" jurnalının təşkilatçılığı ilə "Cümhuriyyətin 100 illiyi"nə həsr olunmuş azyaşlıların sərbəst güləş üzrə Respublika turniri keçirilib.
Turnirin açılış mərasimində iştirak edən Azərbaycan Güləş Federasiyasının rəsmisi,şöhrət ordenli Yaqub Məmmədov və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, əməkdar jurnalist Eldar İsmayılov geniş nitq söyləyiblər.
Yaqub müəllim çıxışında federasiya rəhbərliyinin belə yarışlara hər zaman dəstək olduğunu , güclü güləşçilərin belə yarışlardan yetişdiyini vurğulayıb. Yaqub müəllim bu il 10 illiyin qeyd edən "Olimpsport" jurnalının səhifələrində daimi güləşə xüsusi diqqət yetirildiyini qeyd edərək jurnalın baş redaktoru, əməkdar məşqçi Ramin Allahverdiyevə buna görə dərin minnətdarlığını bildirib.
AİJA prezidenti Eldar İsmayılov isə çıxışında yarışın mahiyyətinə toxunaraq cümhuriyyət tariximizdən bəhs edib. Eldar müəllim idmançılara və təşkilatçılara uğurlar arzuladıqdan sonra yarış salonuna toplaşmış güləş sevərlər bir ağızdan dövlət himnimizi canlı ifa ediblər.
"Olimpsport" jurnalının təsisçisi və baş redaktoru , əməkdar məşqçi Ramin Allahverdiyev də çıxış edərək qonaqları və yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb və yarışın keçirilməsində göstərdiyi köməyə görə Güləş Federasiyasına təşəkkürünü bildirib.
Yarış açıq elan olunduqdan sonra azyaşlı pəhləvanlar mübarizəyə qoşulublar. Turnirdə paytaxtın "Neftçi" "Təhsil","Zenit","Olimpsport" klubları ilə bərabər İmişli,Masallı, Səlyan,Saatlı şəhərlərinin və Tovuz Gənclər Evinin 150-ə yaxın güləşçiləri qüvvələrini sənayıblar. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda yer tutmuş idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif ediliblər.