Reynaldo nəticəsini bir az da yaxşılaşdırdı
Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu olan Reynaldo növbəti dəfə fərqlənib. Braziliyalı legioner “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Düdelanj”la Lüksemburqdakı cavab oyununda qol sevinci yaşayıb.
Vurduğu qolla “Qarabağ”ı məğlubiyyətdən xilas edən (1:1) cənubi amerikalı komandasının heyətində 10-cu dəfə fərqlənib. Sonuncu dəfə ötən il avqustun 27-də keçirilən “Yanq Boyz”la qarşılaşmada fərqlənən Reynaldo isveçrəlilərlə matçdan 328 gündən sonra azarkeşləri sevindirib.
O, 10-cu qolunu 26-cı matçında vurub. Bununla, avrokuboklardakı ən yaxşı bombardirlərimiz siyahısında izləyiciləri ilə üstünlüyünü artırıb. O, hərəyə 7 qol vuran Rəşad Sadiqovla Riçard Almeydanı 3 top qabaqlayır. Baçana Sxadadze və Əfran İsmayılovun hesabında isə 6 qol var.
Qeyd edək ki, Reynaldo “Qarabağ”dakı 26 oyunda vurduğu 10 qoldan başqa, “Serkl Brügge”də 4 matçda 1 dəfə fərqlənib, “Anderlext”də isə 2 qolsuz görüşə çıxıb. Ümumilikdə, 32 matçda 11 dəfə fərqlənən braziliyalı Çempionlar Liqasındakı 11-ci matçda 4-cü qolunu bayram edib. Onun Avropa Liqasındakı 21 matçda 7 qolu var.(Apasport.az)