"“Qarabağ” bizə tanış rəqibdi"-Milan Petrjela

“Qarabağ” bizə tanış rəqibdi. Bilirsiz ki, bu komanda ilə 2 il əvvəl yoxlama görüşü keçirmişik və 1:3 hesabı ilə uduzmuşuq”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Viktoriya” klubunun futbolçusu Milan Petrjela deyib.

 

UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinə adlayan “Qarabağ” Çexiya təmsilçisinə rəqib olub.

 

Ağdam klubu barədə danışan təcrübəli yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib. Çexiya yığmasının da formasını geyinən 33 yaşlı futbolçu Azərbaycana səfərin uzaq olduğunu bildirməklə yanaşı, hər vəziyyətə hazır olacaqlarını deyib: “Rəqibimiz çox möhkəm komandadı. Onlar haqda daha çox məlumat toplamalıyıq. O ki qaldı Azərbaycan səfərinə, mən uzaq səyahətin əleyhinə deyiləm. Bu, futbolun bir hissəsidi. Təbii ki, daha yaxın məsafəyə uçmaq şansımız ola bilərdi. Amma mərhələni “Qarabağ” keçdi. Seçimi biz edə bilməzdik. Oyunun hazırlığını yaxşı keçirməliyik. Həm uzaq səfər, həm ordakı hava şəraiti, həm də vaxt amili nəzərə alınmalıdı. Odu ki, “Qarabağ”la qarşılaşmağımızın pis və ya yaxşı olduğunu düşünməkdənsə, hər şeyə hazırlıqlı olmaq lazımdı”.

 

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasındakı ilk matç iyulun 26-da Plzendə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.(Apasport.az)