Bizim bəxtimiz gətirib ki, güclü rəqiblə qarşılaşacağıq
Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında “Qəbələ” Macarıstanın MTK klubunu qəbul edəcək. Oyundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
Olimpsport.az həmin müsahibəni təqdim edir:
- Sabah 5:0 hesabı üçün bütün komanda ilə irəli atılacaqsınız yoxsa gizli kartlarınız var?
- İstərdik ki, 5:0 hesabı ilə qalib gələk. Amma bu, çətin olacaq. Rəqib çox güclüdür. Üstəlik, rəqibi indi daha yaxından tanıyırıq.
- “Neftçi” səfərdə “Baltsan”ı məğlub etsə də, faciənin bir addımlığında döndü. Komandada arxayınçılıq yoxdur?
- Bu fikirləri ağlımızdan keçirmirik. Biz rəqibə ciddi yanaşırıq. Arxayınlaşmamışıq.
- Aleksey Antonovun yerinə transfer olacaq?
- Transfer pəncərəsi hələ ki, bağlanmayıb. İstərdik ki, aldığımız hücumçu keyfiyyətli olsun. Komandada hücumçu sayı çox olsun deyə almamalıyıq. İstənilən hücumçunu tapmaq çətindir. Bu mövqeyə transfer gözlənilir.
- III mərhələdə rəqibiniz “Lill” olacaq...
- “Lill” haqda danışmaq istəməzdim. Mən yalnız sabahkı oyunu düşünürəm. Bunu hörmətsizlik kimi qəbul etməyin. Biz mərhələni adlamamışıq.
- Artıq indidən hamı “Qəbələni” növbəti mərhələdə görür. Siz futbolçulara arxayınlaşmamaq üçün nə tövsiyyələr etmisiz?
- Oyunçularım artıq “Lill”i yox, sabahkı oyunu düşünür. Hər bir futbolçu çox sevinər ki, “Lill”ə qarşı oynasın. Bizim bəxtimiz gətirib ki, güclü rəqiblə qarşılaşacağıq. Bunun özü elə motivasiyadır.
- Qalib heyətə yenə güvənəcəksiz? Heyətdə dəyişiklik gözlənilir?
- Həmin heyətə çox yaxın olacaq. Bu haqda qərarımı verməmişəm.