"Yaponlarla nəinki biz, heç kim bacarmır" - MÜSAHİBƏ
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov qurumun Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib. S.Sadıqov Sportnet.az-ın suallarını da cavablandırıb...
- Qarşıdan Bakıda keçiriləcək dünya çempionatı gəlir. Komandanın planları və hazırlıq durumu sizi qane edirmi və mundialda hədəf nədən ibarətdir?
- Dünya çempionatı bizim üçün böyük prioritet məsələlərdən biridir. Komanda təlim-məşq toplanışına start verib. Baş məşqçi tətbiq etdiyi cədvəllə idmançıların formalarını qoruyub-saxlamalarına çalışır. Komanda hazırda Qusardadır. Mən özüm də 1-2 gün öncə onların yanında oldum. Uşaqlarda əhval-ruhiyyə çox yüksəkdir. Dünya çempionatına ciddi hazırlaşırlar.
- Yeni baş məşqçi ilə yəqin ki, söhbətiniz olub. Onun qarşısına hansı hədəfləri qoymusunuz?
- Hədəflər bəllidir. Bizim ən böyük hədəflərimiz Avropa, dünya çempionatları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır. Hər bir baş məşqçinin də məqsədi bu yarışlarda yüksək nəticələr əldə etməkdir. Ən böyük hədəfimiz bunlardır.
- Nə qədər medal qazanacağınızı müəyyənləşdirmisiniz?
- Cüdo dünyanın tanınmış və ən populyar idman növlərindən biridir. Dünya çempionatında 140 ölkənin komandası 7 çəkidə iştirak edirsə, bu, yarışın nüfuzundan və səviyyəsindən xəbər verir. "Rio-2016"da 2 medal qazanmışdıqsa, ən azı bunu təkrarlamalıyıq. Qarşımıza belə məqsəd qoyulub. Yəqin ki, medalın sayının artması daha yaxşı olardı.
- Son yarışda azərbaycanlı cüdoçuların hələ də yaponiyalılarla bacarmadığı üzə çıxdı...
- Yaponlarla nəinki biz, heç kim bacarmır.
- Dünya çempionatına isə onların ən güclüləri gələcək. Bu, psixoloji problemdir?
- Əvvəla, Yaponiyada bu idman növü çox güclü inkişaf edib. İkincisi, psixoloji durum da var. Bəzən görürsən ki, uşaqlar yaponiyalı cüdoçu ilə düşəndə həyəcan keçirirlər. 73 kq çəkidə Rüstəm Orucov və Hidayət Heydərov yaponiyalıya uduzdu. Biz də onları üstələmək üzərində çalışırıq. Onları da yenməyin qaydası var. Bu, texniki-taktiki məsələdir. Uşaqlar toplanışda bunun üzərində çalışırlar ki, növbəti yarışlarda yaponiyalılar bizi asanlıqla məğlub edə bilməsin.
- Qadın cüdoçulardan monqolustanlı legionerlərin çıxışları sizi qane edir?
- Hələlik qane etmir. Nəzərə alaq ki, onlar hələ gəncdilər. Olimpiadaya da vaxt var. Qadınlarla 6-7 aydır işləməyə başlamışıq. Əvvəldən onlarla bağlı böyük problemlər var idi. Olimpiadada 10 lisenziya qazanmağı nəzərdə tutmuşuqsa, istəyirik ki, bunun 3-ü qadınların payına düşsün. İnanıram ki, Tokioda 3 qadın cüdoçumuz iştirak edəcək və onların 1-i medal qazanacaq.
- Azərbaycanın 73 kq çəkidə iki güclü cüdoçusu var. Olimpiadaya isə biri gedə biləcək. Onlardan hansısa çəkisini dəyişə bilərmi?
- Həm Hidayət Heydərov, həm də Rüstəm Orucov dünya reytinqində yüksək pillələrdədir. Federasiya olaraq, onların işinə müdaxilə edə bilmərik. İkisi də özünü 73 kq-da görürsə və hansı güclüdürsə, digərini çıxarmalıdır. Bu, onların arasında baş verən rəqabətdir və öz öhdələrinə buraxmışıq. Kim güclü olacaqsa, kimin çəkisi artıqdırsa və ya kimsə çəkisinə nəzarət edə bilməyəcəksə, daha yuxarı çəkidə mübarizə aparacaq.
- Yaxın zamanlarda milli komandaya bölgələrdən cüdoçular cəlb olunacaqmı?
- Bəli, gözlənilir. Qusar, Zaqataladan gələn idmançılar var ki, təkcə Azərbaycan daxilində deyil, Avropa, dünya səviyyəli yarışlarda da öz sözlərini deyirlər. Regionlarda apardığımız işlər cüdonun inkişafı ilə bağlıdır. Elə yerlər var ki, oranı əsl cüdo regionu adlandırmaq olar. Orada da öz işimizi gücləndiririk ki, gələcəkdə milli komandamıza potensiallı uşaqlar verə bilək.