Azərbaycana gəlmək üçün...

Ötən mövsümü Buxarest “Dinamo”sunda keçirən Marsel Essombe karyerasını Azərbaycanda davam etdirə bilər. Olimpsport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, kamerunlu hücumçu ölkəmizdən təklif alıb.
 
Əslində, Essombenin Rumıniyanın digər təmsilçisi “Astra”ya keçidi baş tutmalı idi. Belə ki, tərəflər arasında ilkin razılığın əldə olunduğu haqda məlumat yayılmışdı. Lakin 28 yaşlı forvard son anda “Astra”ya keçməkdən imtina edib. Buna səbəb kimi isə təcrübəli futbolçunun Azərbaycan və Türkiyədən təklif aldığı göstərilir.
 
Məsələ ilə bağlı danışan “Astra”nın baş məşqçisi Marius Şumudiça çaş-baş qaldığını bildirib. O, Essombeni qeyri-peşəkarlıqda günahlandırıb: “Onun məsələsi bizə sirr olaraq qalmaqdadı. Essombe ilə 7 dəfə danışmışam. Ona 10 min dollar məvacib təklif etdim. Lakin Marsel balaca uşaq kimi bizimlə oyun oynadı. Müqaviləni stolun üstünə qoydum və onunla sözləşmə imzalamaq istəyində olduğumuzu bildirdim. İlk ilində 10 min, sonra isə 12 min məvacib alacağını söz verdim. Ancaq ondan səs-səmir gəlmir. Essombenin xarakteri yoxdu və bundan sonra belə oyunçu mənə lazım deyil. Ona hər istədiyini verməyə hazır idim”.
 
Məlumatda Essombe ilə maraqlanan Azərbaycan klubunun adı çəkilməyib. Bununla belə, həmin komandanın “Qəbələ” olduğunu təxmin etmək mümkündü. Məsələ burasındadı ki, “qırmızı-qaralar”ın rəhbərliyi hazırda hücumçu axtarışında olduqlarını və 1 futbolçu ilə danışıq apardıqlarını təsdiqləyib. İkincisi, Essombe 2013-2015-ci illər ərzində Fransanın II liqa təmsilçisi “Kretey”in formasını geyinib. “Qəbələ”nin bir müddət öncə bu klubdan Baqali Dabonu heyətinə qatdığını nəzərə alsaq, Essombeni bölgə təmsilçisinə məhz Dabonun və ya onu gətirən menecerin məsləhət gördüyü da ağlabatan variantdı.
 
Qeyd edək ki, 186 sm boya malik olan Marsel Essombe Rumıniya çempionatının son mövsümündə 23 oyunda 6 qola imza atıb. (Apasport)