Azərbaycan futbolunda görünməmiş uğur

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubunu keçməsi ilə Azərbaycan futbolunda görünməmiş uğur gerçəkləşib. Avrokuboklar tarixində ilk dəfə yarışa qatılan bütün klublarımız mərhələ adlamağı bacarıb.

 

Belə ki, 2016/17 mövsümündə Çempionlar Liqasında çıxış edən “Qarabağ” da, Avropa Liqasındakı təmsilçilərimiz “Qəbələ”, “Neftçi” və “Kəpəz” də 1 rəqibini keçib. Sonuncular mübarizəni dayandırsa da, digərləri daha irəli gedə də bilər.

 

Avrokuboklarda 1994-cü ildə debüt edən klublarımız indiyədək belə nailiyyətə həsrət idi. Düzdü, son 4 ildə hər dəfə 3 komandamız azarkeşlərini sevindirirdi. Lakin hər dəfə təmsilçilərimizdən biri “ilişib”, geridə qalırdı.

 

Bu son 4 mövsümün uğursuz sindromu nəhayət ki, qırıldı və bütün komandalarımız mərhələ keçməyə müvəffəq oldu. İndi klublarımız üst-üstə 8 mərhələnin keçildiyi ötən mövsümün rekordunu hədəfləyib. Cari mövsümdə 4 komanda ümumilikdə elə 4 mərhələ adlayıb.

 

Qeyd edək ki, “Qarabağ” tarixində 16-cı dəfə mərhələ keçib. Bu göstəricidə hamıdan öndə olan ağdamlıların ən yaxın izləyiciləri “Neftçi” (9) və “İnter”di (7). “Qəbələ” 5, “Xəzər Lənkəran” 2, “Şəmkir”, “Karvan”, “Bakı” və “Kəpəz”in 1 uğuru var.

 

Avrokuboklarda mərhələ keçən Azərbaycan klubları

1999/2000 - “Qarabağ” (1)

2000/01 - “Şəmkir” (1)

2004/05 – “Neftçi” (1), “İnter” (1)

2005/06 - “Neftçi” (1)

2006/07 - “Karvan” (1)

2008/09 - “Neftçi” (2), “İnter” (1)

2009/10 – “Qarabağ” (2), “Bakı” (1)

2010/11 - “Qarabağ” (3)

2011/12 - “Qarabağ” (2)

2012/13 – “Neftçi” (2), “İnter” (1), “Xəzər Lənkəran” (1)

2013/14 – “Qarabağ” (3), “İnter” (1), “Xəzər Lənkəran” (1)

2014/15 – “Qarabağ” (2), “Neftçi” (2), “İnter” (1)

2015/16 – “Qarabağ” (2), “İnter” (2), “Qəbələ” (4)

2016/17 - “Qarabağ” (1), “Neftçi” (1), “Qəbələ” (1), “Kəpəz” (1)  (Apasport)