Toğrul Əsgərov Avropa çempionatında iştirak etməyəcək

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov Avropa çempionatında iştirak etməyəcək. 
 
Bu barədə "Report"a 26 yaşlı idmançının özü məlumat verib. O bildirib ki, dopinq cəzasını başa vurduqdan sonra müxtəlif turnirlərə qatılacaq. Əsgərov əsas məqsədinin dünya çempionatına hazır vəziyyətdə yollanmaqdan ibarət olduğunu vurğulayıb: "Aprelin 17-də bir illik cəzam başa çatacaq. Ötən müddətdə boş durmamışam, məşqlərimi davam etdirmişəm. Qarşıda üç-dörd turnir var, onlardan ilk ikisində iştirakım planlaşdırılıb. Mənim üçün əsas yarış oktyabrda keçiriləcək dünya çempionatıdır. Mundiala tam hazır olmalıyam”.
 
2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi boyun nahiyəsindəki zədəyə görə əməliyyata ehtiyac olmadığını da əlavə edib. O bildirib ki, boynunda yırtıq olsa da, əməliyyat təxirə salınıb: "Həkimlər gənc olduğumu əsas gətirdilər və əməliyyat olunmağımı məsləhət görmədilər". 
 
Əsgərov deyib ki, ən böyük arzusu ikinci dəfə olimpiya çempionu olmaqdır: "Bu yolda nə lazımdırsa, edəcəyəm. Əsas odur ki, istək var. Bir il cəzalı olsam da, yenə həmin insanam. 30 yaşım yoxdur ki, gec olacağını düşünək. Hələ böyük yarışlar məni gözləyir. Formamı bərpa etməklə məşğulam”.
 
Qeyd edək ki, Avropa çempionatı 30 aprel - 6 mayda Rusiyanın Kaspiysk şəhərində, dünya çempionatı isə 20-28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.