"Bombardir olmağı yox, komandamın uğur qazanmasını daha çox istəyirəm."- Teo Uiks

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıran “Qəbələ”nin hücumçusu Teo Uiks  oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Asan qələbə qazandığınızı söyləmək olarmı?

- Qətiyyən. Kənardan necə görünür deyə bilmərəm, amma asan olduğunu demək olmaz. Rəqibimiz yaxşı komandadı. Heç kim “Qəbələ”nin mərhələni rahat şəkildə keçdiyini deyə bilməz.

 

- Maraqlıdı ki, II mərhələdə hər iki oyunda qələbə qazandınız. Amma I mərhələdəki rəqib "Samtredia"nı doğma meydanda yensəniz də, səfərdə uduzdunuz. Komandaları müqayisə edə bilərsizmi?

- Hər komandanın öz oyunu, hər oyunun öz ağırlıq dərəcəsi var. Müqayisə etsək, “Samtredia”nın daha güclü olduğunu deyərdim. Onlar gənc futbolçulardan təşkil olunublar. Ona görə də gürcü futbolçulara qarşı oynamaq daha çətin idi. Ancaq MTK da yaxşı oynadı.

 

- Növbəti mərhələdə “Lill”ə qarşılaşacaqsınız. Necə düşünürsünüz, bu, “Qəbələ” üçün sonuncu mərhələ olacaq?

- İndi hamı bizim şansımızın olmadığını düşünə bilər. Çünki “Lill” güclü rəqibdi. Ancaq “Qəbələ”nin onları keçə bilməyəcəyi fikri ilə razılaşmıram. Şansımız var. Toparlanmaq və mübarizə aparmaq lazımdı.

 

- Rəqibin heyətində Avropa çempionu olmuş Eder də yer alıb.

- Ederi yaxşı tanıyıram. Dostum olmasa da, necə futbolçu olduğunu bilirəm. Ona qarşı oynamaq olar.

 

- Artıq hesabınızda 5 qol var. Klubun avrokuboklardakı rekordçususunuz.

- Bombardir olmağı yox, komandamın uğur qazanmasını daha çox istəyirəm. Yenə “Qəbələ”nin qrup mərhələsinə yüksəlməsinə çalışmalıyıq. Təbii ki, vurduğum hər qola görə sevinirəm. Çünki həmin qollar bizi qələbəyə daşıyır.(Apasport)