Şotlandiya Azərbaycandan uzaqlaşdı, 14 ölkə mövsümü bitirdi
Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. Olimpsport.az saytının məlumatına görə, dünən Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan son qarşılaşmalar siyahıda növbəti dəyişikliklərə səbəb olub.
Belə ki, Belarus 18-ci yeri İsveçdən, Norveç isə 20-ci pilləni Danimarkadan geri alıb. Makedoniya 2, Monteneqro 1 pillə irəliləyibsə, Estoniya ilə Ermənistan geriləyib. 54 ölkədən 14-ü üçün avrokubok mövsümü bitib. III təsnifat mərhələsində 40 ölkə klubları çıxış edəcək.
Azərbaycan isə hesabına növbəti 0,250 xal əlavə edib. Bu, “Qəbələ”nin Macarıstan MTK-sı üzərində qələbəsi sayəsində gerçəkləşib – 2:0. “Neftçi”nin “Şkendiya”ya uduzması (0:1) isə xal qazanmağımıza mane olub.
Bununla da cari mövsüm əldə etdiyimiz xal 1,875-ə çatıb. Bunun 0,750-si “Qəbələ”nin hesabındadı, “Qarabağ”, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.
5 mövsümün nəticələrinə görə 15,375 xalı olan Azərbaycan 24-cü pillədə qalıb. Lakin 23-cü olan Şotlandiya xal fərqini 1,050-ə qədər artırıb. Ən yazın izləyicimiz Kipr isə fərqi 0,200-ə endirib.