" şansları qaçırmağım da bəlkə az oynamağımdan irəli gəlir"- Cavid İmamverdiyev

Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Makedoniyada keçirilən “Şkendiya” – “Neftçi” (1:0) oyunundan sonra “ağ-qaralar”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev jurnalistlərin suallarını cavablandırıb.
 
Olimpsport.az həmin müsahibəni təqdim edir:
 
- Gərgin oyun keçdi, çoxlu qol imkanlarımız oldu. Təəssüf ki, keçə bilədik. Azarkeşlərmiz, rəhbərlik, xalqımız mərhələni adlamağımızı istəyirdik. Çox pis vəziyyyətdəyik. Karyeramda ən çox üzüldüyüm oyun oldu.
 
- Matçda demək olar, ən real qol vəziyyətini sən yaxalasan da, istifadə edə bilmədin…
- Qarşımda 3 oyunçu var idi, topu görmədim. Başla vurmaq istəsəm də, top qarnıma dəydi, yerə yıxıldım. Sonra isə rəqib qapıçı və müdafiəçi yaxınlığımda idi. Elə də real qol şansı olduğunu deməzdim. Həmin epizodda səhv etmirəmsə, ofsayd var idi.
 
- Azarkeşlərə nə deyə bilərsən?
- Onlara nəsə deməyə üzümüz yoxdu. Bəzən qalib gəlirik, bəzən məğlub oluruq, yenə yanımızdadılar. Özümüzü toparlayıb, ölkə çempionatına hazırlaşmalıyıq. Başqa yolumuz yoxdu.
 
- Son vaxtlar ehtiyatda qalırsan, çempionatın isə startına az qalıb. Formanı nə vaxt yığacaqsan?
- Düzdü, ehtiyatda qalıram. Bu da baş məşqçimizin fikridi. Qol şanslarını qaçırmağım da oynamamağımla əlaqədardı. Özümü matçlara hazır sayıram və düşünürəm ki, start heyətində yer almalıyam. Amma baş məşqçimizin də fikrinə hörmətlə yanaşıram. Aramızda problem yoxdu
 
- Baş məşqçi ilə bu barədə söhbət etmisən?
- Xeyr, amma məşqlərdə özümü sübut etməyə çalışıram. Oynamadıqca oyun praktikam azalır, sonradan meydana çıxdıqda isə mənə çox çətin olur. Fikrimcə, mən heç olmasa, avrokuboklarda 1 matçda start heyətində yer almalı idim. Bu, mənim düşüncəmdi. Buna baxmayaraq, çalışdırıcımız Vəli Qasımov nə desə, onun əmrinə tabe olmalıyıq.
 
- Belə davam etsə, “Neftçi”dən ayrıla bilərsənmi?
- Bəli, oynamasam, məcburam ki, rəhbərliklə danışıb, bir qərara gəlib, başqa komandaya keçim. Elə yaşımdayam ki, ehtiyatda oturan vaxtım deyil. Oynamaq istəyirəm. Qeyd etdiyim kimi, şansları qaçırmağım da bəlkə az oynamağımdan irəli gəlir. Topla oynamağı sevən futbolçuyam. Meydanda olduğum 5-10 dəqiqə elə mənim isinməyimə bəs edir.
 
- Bəlkə məşqçi ilə söhbət edəsən. Ola bilərmi ki, onun oyun sisteminə uyğun gəlmirsən?
- Vəli müəllimə böyük hörmətim var. O, belə düşünürsə, tabe olmalıyam. Mənim ona nəsə deməyim düzgün deyil. Çalışram ki, məşqlərdə özümü göstərim. (futbolinfo.az)