Dünya Kuboku yarışlarında iştirak edəcək güləş millimizin heyəti açıqlanıb
7-8 aprel 2018-ci il tarixdə ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Bu gün Olimpiya Güləş Mərkəzində AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun iştirakı ilə yarışda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Heyətdə Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Qeyd edək ki, yığmamız Dünya Kubokunun B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A qrupunda yarışacaq. Lakin Rusiya millisinə hələlik viza verilmədiyindən, İran isə yarışa qatılmaqdan imtina etdiyindən onları Monqolustan və Hindistan əvəzləyəcək. Şimal qonşularımızla bağlı məsələ tam yekunlaşdıqdan sonra asiyalılar 4-cü komanda kimi püşklə qruplara salınacaq. Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.