Dodonu unutmaq üçün xeyli zaman lazımdır
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan "Qəbələ" - MTK matçından sonra (2:0) jurnalistlərin suallarını cavablandırıb.
Olimpsport.az həmin müsahibəni təqdim edir:
-Oyun darıxdırıcı olmadı ki?
- Futbolçular oyuna yüksək əhval - ruhiyyə ilə çıxmışdılar. Tapşırmışdıq ki, "boşalma" olmasın. Çünki ilk oyunda qələbə qazanmışdıq. Uşaqlar məsuliyyətli oynadı, inamlı qələbə qazandıq. Darıxdırıcı olsun, təki mərhələ keçək.
- Fariz bəy, komanda güclənəcək ?
- Yəqin ki məlumatınız var, daha bir oyunçu gəlməlidir - Marsel Essombe. Viza məsələsi həll olunsun, gəlib tibbi baxışdan keçəcək. Bundan sonra başqa oyunçu olmayacaq.
- Yolunu gözlədiyiniz kamerunlu oyunçu ilə neçə illik müqavilə bağlayacaqsız?
- İki illik.
- Həmin futbolçu Dabo ilə bir komandada oynayıb. Transferdə bu amilin rolu olub?
- Dabo ilə bir neçə dəfə telefonla danışıblar, klub haqda ona məlumat verib.
- Ruminiya mətbuatının yazdığına görə, həmin Essombe "Astra"ya keçməli imiş. Klubdan bildirirlər ki, onları aldadıb, "Qəbələ"yə gəlib. Bundan xəbəriniz varmı?
- Transfer işi ilə menecerlər məşğul olur, futbolçu yox. Futbolçunu bir neçə yerə təklif edə bilərlər. Nəticədə belə hallar yaşana bilər.
- Bəlkə maddi amil onu fikrini dəyişməyə vadar edib?
- Yüksək məbləğ yoxdur. Bizim təklif etdiyimiz pul Rumıniya klubunun verdiyindən çox deyil.
- Ötən il bu vaxt "Apollon"u gözləyirdik. İndi isə Lill gəlməlidir. O vaxtki əhval - ruhiyyə ilə indiki arasında fərq var?
- Biz keçən il göstərdik ki,əziyyət çəkəndə Allah bəhrəsini verir. Keçilməz sədd yoxdur. Şans varsa, ondan bərk yapışmaq lazımdır.
- Yeni gələn legioner futbolçularınız haqda nə deyə bilərsiniz ?
- Mən çox bəyəndim. Gözlədiyimdən də yaxşıdılar.
- Uiks Dodonu unutdurubmu?
- Yox. Dodo fərqli idi. Dodonu unutmaq üçün xeyli zaman lazımdır. Onun "Panatinaikos"a vurduğu qollar dəhşət bir şey idi.
- Klub prezidenti niyə oyuna gəlməmişdi?
- Ölkə xaricində olduğu üçün gələ bilməmişdi. Amma Macarıstandakı oyuna gəlmişdi.
- Komandanın yenilənmiş heyət və azaldılmış büdcə ilə iki mərhələ keçəcəyini gözləyirdiz?
- Xeyir. Rəqiblər bəlli deyildi. Gücümüz nəyə çatırsa, onu meydanda qoymağa çalışırıq.
- "Qəbələ" çempionatda limit məsələsinə görə bu heyətlə oynaya bilməyəcək. Bu amil komandanın çıxışına nə dərəcədə təsir edər?
- Biz keçən il bunu yaşadıq. Heyətimizdəki yerli oyunçuların çoxu gənclər idi, ola bilər ki, problem yaşayaq.
- Antonov cibi dolu getdi, yoxsa qarşılıqlı razılaşma əsasında?
- Məbləği deyə bilmərəm, amma təzminat ödədik.
- Antonovun "Qəbələ"yə ziyanı dəydi yoxsa, xeyiri?
- Ötən mövsüm Avroliada qrup mərhələsinə vəsiqə qazandıq. Bunda onun da əməyi vardı.