Tahir Gözəl Nəsiminin qəzəlini səsləndirdi - VİDEO

"Klub olaraq, burada olmaq bizə böyük qürur, böyük şərəfdir". 
 
Bunu "Milliyet" - İlin idman mükafatları" gecəsində xüsusi ödül alan "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib. T.Gözəl bildirib ki, rəhbərlik etdiyi klub Azərbaycanda vətənsiz qalmış 700 min qaçqının səsinin, nidasının, Azərbaycan xalqının dünyada səsinin eşidilməsi, türk dünyasının iradəsinin nümayişi üçün uğurla çalışan və bunu bacaran klubdur. O, "Milliyet" qəzetinə, qəzetin idman şöbəsinin müdiri Tayfun Bayındıra minnətdarlığını bildirərək, bu mükafatı Türkiyədə almağı "Qarabağ"a çox böyük mənəvi dəstək hesab edib. 
 
Mükafatlandırma mərasiminə əliboş gəlmədiyini deyən vitse-prezident "Bizim də sizə kiçik hədiyyəmiz var. Bu, canımızdan, qanımızdandır. Bunu belə qəbul edin" söyləyib və Azərbaycan Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini səsləndirib. 
 
Qeyd edək ki, mükafatı Tahir Gözələ futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib. Mükafatı alanlar arasında Türkiyənin atletika üzrə əslən azərbaycanlı dünya çempionu Ramil Quliyev də olub.