AGF nümayəndələri ABŞ-da bir sıra görüşlər keçiriblər

Sərbəst güləş üzrə Dünya Kubokunda iştirak etmək üçün ABŞ-ın Ayova şəhərində səfərdə olan Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov bir sıra görüşlər keçiriblər.
 
Olimpiya mükafatçısı və ikiqat dünya çempionu Terry Brandsın Dünya Kubokunda işitirak edənlərin şərəfinə təşkil etdiyi ziyafət çərçivəsində AGF nümayəndə heyəti Dünya Güləş Birliyinin (DGB) İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho, ABŞ Güləş Federasiyasının icraçı direktoru Riç Bender, Ayova şəhərinin rəhbəri Coşua Şamberger ilə görüşüb.
 
Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan güləşçilərinin nailiyyətlərindən söz açılıb. AGF-in dünyada güləşin inkişafında və təbliğindəki fəaliyyətini yüksək qiymətləndirən DGB və ABŞ rəsmiləri Dünya Kubokunda Azərbaycan millisinə uğurlar arzulayıblar.
 
Öz növbəsində həm də sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi olan F.Umudov ABŞ nümayəndələrinə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edib. Federasiyala arasındakı əlaqələrdən məmnunluğunu bildirən AGF rəsmisi münasibətlərin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə əminliyini bildirib.
 
Qeyd edək ki, bu gün start götürəcək Dünya Kuboku iki gün davam edəcək. B yarımqrupunda yer alan Azərbaycan millisi təqvimə əsasən bu gün Kuba yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. F.Umudovun rəhbərlik etdiyi kollektiv aprelin 8-də Qazaxıstan (saat 02:30) və Monqolustan (saat 19:00) komandaları ilə qarşılaşacaq.