Qriqorçuk Latviya millisindən təklif gözləyir

"Hazırda Latviya yığmasının sükanı arxasına keçmək barədə düşünmürəm. Hər şeydən əvvəl bunun üçün təklif almalıyam. Belə bir təklif isə yoxdur”.
 
Bunu "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunma ehtimalını sportacentrs.com-a dəyərləndirərkən saytına deyib.
 
53 yaşlı mütəxəssis bildirib ki, təklif olacağı halda, bu barədə düşünəcək: "Həmin vaxt konkret fikrim olar. İndi isə bunun üçün səbəb yoxdur. Latviyanı xatırlayanda əhvalım düzəlir. Bu ölkə ilə bağlı çox yaxşı xatirələrim var. Həmçinin, yaxınlarda yubileyi olan "Ventspils"i təbrik edirəm. Bu, xüsusi emosiyadır. Latviya mətbuatını oxumuram deyə, yazılanlardan xəbərsizəm. Marian Paxar ötən il yığmanın baş məşqçisi postundan gedən zaman Latviya Futbol Federasiyasının nümayəndələri mənə müraciət etmişdilər. Müəyyən danışıqlar olsa, bunu konkret adlandırmazdım”.
 
Qriqorçuk LFF-nin prezident postuna namizəd olan Kaspar Qorkşla münasibətlərindən də danışıb. Ukraynalı mütəxəssis 2006-cı ildə "Ventspils”də onun rəhbərliyi altında çıxış etmiş veteran futbolçu barədə xoş sözlər deyib: "Kasparla bağlı nəinki xoş xatirələrim var, həmçinin, bu cür güclü, mədəni, inkişaf edən və dərrakəli futbolçu ilə işlədiyim üçün ona minnətdaram. Onun namizədliyinin lehinəyəm. Çünki bu adamın böyük işlər görə biləcəyini bilirəm. Kaspar prezident seçilsə, ondan zəng gözləyəcəyəmmi? O, istənilən vaxt mənə zəng edə bilər. Onunla danışmağa şad olaram. Ehtiyac olsa, hər zaman ona kömək edərəm”.
 
Qeyd edək ki, LFF-nin İcraiyyə Komitəsinin aprelin 6-da keçirilmiş iclasında Aleksandr Starkovun istefaya göndərilməsində sonra Latviya yığmasının baş məşqçisi postuna namizədləri təqdim etmək üçün İşçi Qrup yaradıb. Baş katib Yanis Mejetskis, LFF-nin Elit İnkişaf Layihəsinin rəhbəri Maris Verpakovskis və milli asossiasiyanın idman direktoru Daynis Kazakeviçdən ibarət qrup aprelin 25-dək yığmaya namizədləri təklif etməlidirlər.
 
Digər tərəfdən, aprelin 27-də LFF-də prezident postuna seçki olacaq. Kaspar Qorkşla yanaşı daha iki namizəd var. Bunlar Vadim Şasenko və Krişyanis Klyavinşdir.
 
Xatırladaq ki, Latviya millisi iyunun 9-da Riqada Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək.