“Qəbələ”nin meneceri ifadə verəcək

Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Olimpsport.az saytının "Report"a istinadən verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid Pərviz Qabilzadə ifadə verib. O, C.Hüseynovla vaxtilə birgə məşq etdiyini, lakin 10 ildir onunla əlaqəsi olmadığını deyib: "Elşən mənə dedi ki, Rasim mənə söyüş söyüb, onunla davaya gedirəm. Mən də Samirə zəng etdim ki, onları dava etməyə qoymayım".

Cavid Hüseynov isə R.Əliyevlə görüşəndə ona pul təklif etmədiyini deyib: "Həmin vaxt yanımda "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı olub".

Vəkil Adəm Məmmədov Səbuhi Səfiyarlının və digər şahid Zəfər Şərifovun əlavə şahid qismində məhkəmədə ifadə vermələri üçün vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Məhkəmənin növbəti prosesi mayın 4-nə təyin olunub.