"Neftçi" "Qarabağ"ın antirekorduna şərik oldu

“Neftçi” avrokuboklarda yubiley məğlubiyyətini alıb. Olimpsport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin “Şkendiya” ilə Makedoniyadakı qarşılaşmasında 0:1 hesabı ilə uduzan bakılılar qitə miqyaslı turnirlərdə 25-ci dəfə azarkeşlərini məyus edib.

 

1995-ci ildə debüt etdiyi avrokuboklarda 56 matç keçirən “ağ-qaralar” indiyədək 15 qələbə qazanıb və 16 dəfə heç-heçəylə kifayətlənib. 53 qol vurub, 86-nı buraxan “Neftçi” məğlubiyyət sayında antirekorda şərik olub.

 

Belə ki, Azərbaycan klubları arasında avrokuboklarda ən çox məğlubiyyət alan komandalar “Neftçi” və “Qarabağ”dı. Bakılılar Makedoniyada yenilməklə Ağdam klubuna çatıb.

 

Əslində bu iki komandanın öndə qərarlaşması daha çox matç keçirmələri ilə bağlıdı. Ağdamlılar ümumiyyətlə hamıdan çox – 68 matçda 25 dəfə üzülübsə, oyun sayında 2-ci olan “Neftçi” 56 görüşdə bu qədər məğlubiyyət yaşayıb.(Apapsort)