Maqnus Karlsen: "Vüqarın yoxluğu barədə xəbər məni çox sarsıtdı"
"Maraqlı, amma təhlükəli olmayan partiya izlədik. Səhvlərə imkan verilmədi. Əgər uduzsaydım, çox məyus olardım. Rəqib ehtiyatlı və diqqətli oynayırdı. Fikrimcə, növbəti turlarda da diqqətli olmaq lazımdır. Reytinq bizi aldatmalı deyil. Bütün rəqiblər xal qazanmaq istəyir. Ona görə də sürprizlə qarşılaşmamaq üçün diqqətli olmalıyıq".
Bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin I turunda Şəhriyar Məmmədyarovla heç-heçə edən norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında deyib.
28 yaşlı qrossmeyster Azərbaycan şahmatçısı Vüqar Həşimov barədə suala cavabında 2008-ci ildə Bakıda keçirilən FİDE Qran-Pri turnirini xatırladığını söyləyib: "Vüqarın yoxluğu barədə xəbər məni çox sarsıtdı. 2008-ci ildə Bakıda FİDE Qran-Pri turnirində rəqib olmuşuq. Həşimov çətin vəziyyətlərdən məharətlə çıxmağı bacarırdı. Həmin turnirdə Vüqara qarşı üstünlüyüm var idi, amma vəziyyəti ustalıqla dəyişdi. Nəticədə üstün olduğum oyunda heç-heçə qeydə alındı. Yekunda Qran-Pridə Vüqarla 1-2-ci yerləri bölüşdürdük. Çox güclü şahmatçı olub. Hətta məğlubiyyət qaçılmaz olduğu partiyalarda nəticəni dəyişirdi".