Ramaldanov legioner heyatı yaşayacaq
Azərbaycan milli komandasının sabiq futbolçusu Rasim Ramaldanov ilk dəfə legioner karyerası yaşayacaq.
Olimpsport.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi Gürcüstanın "Kolxeti-1913" klubuna keçib. Onunla 1 illik müqavilə bağlanılıb.
Artıq Ramaldanov Türkiyənin paytaxtı Ankarada təlim-məşq keçən Poti komandasının düşərgəsinə qoşulub. 1913-cü ildə yaradılmış komanda bu gün hazırda həbsdə olan "Qəbələ"nin sabiq futbolçusu Cavid Hüseynovun keçmiş klubu "Adana Dəmirspor"a qarşı yoxlama oyunu keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Məhz Ramaldanov bu matçda debüt edə bilər. "Kolxeti-1913" iyulun 25-də Bakı "İnter"i ilə də üz-üzə gələcək. Rasimin "İnter"in son hazırlıq matçında da forma geyinməsi istisna deyil.
Qeyd edək ki, milliyyətcə Azərbaycan ləzgisi olan Rasim Ramaldanov əvvəllər bölgə klublarımızda çıxış edib. O, "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt" klublarının şərəfini qoruyub.
Yeri gəlmişkən, onun yeni klubu SSRİ dönəmində 2 dəfə Gürcüstan çempionu olub. Müstəqillik illərində isə 2 dəfə gümüş, 3 dəfə isə bürünc medallar əldə edilib. Lakin onu da bildirək ki, bu uğurlar 90-cı illərdə qeydə alınıb.