“Avropa çempionatında öz sözümüzü deməyə hazırlaşırıq”

"Avropa çempionatında öz sözümüzü deməyə hazırlaşırıq”.
 
Bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Rafiq Hüseynov aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatına hazırlıq barədə danışarkən söyləyib.
 
82 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı pəhləvan güclü rəqiblərlə qarşılaşacağını vurğulayıb. O, rəqibləri arasında dünya və Avropa çempionlarının olduğunu bildirib: "Mənim çəkimdə Avropa çempionatında 16 nəfər iştirak edəcək. Onlardan 8-9-u dünya səviyyəsində tanınmış idmançılardır. Rusiya və Türkiyə ilə birgə Ermənistandan olan dünya çempionu çıxış edəcək. Həmçinin, rəqiblərim arasında Gürcüstan və Albaniyadan Avropa çempionları var. Yarış güləşin sevildiyi ölkədə - Rusiyanın Kaspiysk şəhərində keçiriləcək. Bu, əlavə stimuldur. İdmançılar zalda oturan azarkeşlərin səsindən enerji alırlar”.
 
Ağır zədə səbəbindən ötən yay dünya çempionatında iştirak edə bilməyən Hüseynov hazırda yaxşı formada olduğunu deyib: "Peşəkar idmanda zədələr olur. Güləşdə bu, daha ağırdır. Komanda yoldaşlarımız bu yolu keçiblər, hamısı bilirlər. Ötən yay dünya çempionatı ərəfəsində zədələndim və topuğumdan əməliyyat olundum. Bundan sonra həkimlər 4 ay müddətində müalicə keçməyi məsləhət gördülər. Artıq yaxşı formadayam. Yığmada əhval-ruhiyyə yüksək səviyyədədir”.
 
Qeyd edək ki, aprelin 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, mayın 1-də isə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək. Medal görüşləri isə müvafiq olaraq, mayın 1 və 2-də olacaq.