“Qarabağ”ın qırmalı olduğu tilsim

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan “Qarabağ”ın ilk oyunu Azərbaycan klubları üçün uğursuz gündə baş tutacaq. Sabah Çexiyada Plzenin “Viktoriya” klubu ilə keçiriləcək görüş iyulun 26-da təmsilçilərimizin iştirakı ilə baş tutacaq 6-cı matç olacaq.

 

Əvvəlki 5 matçın heç biri klublarımıza uğur gətirməyib. Bu oyunların dördündə uduzan komandalarımız heç-heçə nəticələnən yeganə qarşılaşmanın da penaltilər seriyasında üzülüb. Ağdam təmsilçisi Plzendə 26 iyul tilsimini qırmağa cəhd edəcək.

 

Bu tarix ilk dəfə “Şəmkir”ə düşərli olmayıb. Qərblilər 2000-ci ildə Çempionlar Liqasında “Qarabağ”ın da oynayacağı Çexiyadan məğlub dönüb. Təmsilçimiz “Slaviya”ya 1 qolla uduzub.

 

5 il sonra eyni turnirdə Brüsseldə Belçika “Anderlext”inin qonağı olan “Neftçi” isə daha ağır aqibətlə üzləşib. Meydan sahibləri bakılıların qapısından 5 cavabsız qol keçirib.

 

2008-ci ildə yenə iyulun 26-da səfərdə oynayan “Neftçi” azarkeşlərini məyus edib. İntertoto kubokunda 2 mərhələ keçən paytaxt klubu Bakıda 2:1 hesabı ilə yendiyi “Vaslui” ilə səfər matçında uduzub. 2:0 hesablı qələbə Rumıniya klubunu növbəti mərhələyə - UEFA kubokuna daşıyıb.

 

2012-ci ildə Avropa Liqasındakı təmsilçilərimiz “Xəzər Lənkəran”la “İnter” səfər sınağından məyus dönüb. Cənublular Polşada “Lex”ə minimal hesabla uduzubsa, “bankirlər”  Yunanıstanda “Asteras Tripolis”lə sülh bağlayıb – 1:1. Amma penaltilər seriyasında Ellada təmsilçisi qalib gəlib – 4:2.  (Apapsort)