“AGF Junior Trophy” beynəlxalq turniri yekunlaşıb
23-24 aprel tarixində Milli Gimnastika Arenasında AGF Junior Trophy adlı Beynəlxalq turnir keçirilib.
Turnirdə Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Litva, İsrail, Yeni Zelandiya, Bolqarıstan, Belarus, Sloveniya, Almaniya, Latviya, Çexiya, Vyetnam, Ukrayna və Avstraliya təmsilçiləri iştirak edib. Yarışın ilk günü halqa, lent, gürz və topla hərəkətlərdə fərdi yarışlar üzrə komanda hesabında Rusiya birinci, Belarus ikinci, yarışların ev sahibi Azərbaycan isə 3-cü yerə layiq görülüb.
İkinci və sonuncu gündə halqa, gürz, top və lentlə fərdi yarışların final mərhələləri keçirilib. Halqa ilə hərəkətlərə görə Rusiya təmsilçisi Lala Kamarenko birinci, Belarus təmsilçisi Anna Komensiçkova ikinci, Azərbaycan təmsilçisi Dərya Fərşbafşəhriyari isə üçüncü yerə layiq görülüb. Topla hərəkətlərə görə Rusiyalı Daria Trubnikova birinci, ölkəmizin təmsilçisi Nərminə Səmədova ikinci, Bolqarıstanlı Tatiana Volojanina isə üçüncü yerdə qərarlaşıb. Gürzlə hərəkətlərə görə Rusiya təmsilçisi Daria Trubnikova birinci, Bolqarıstan təmsilçisi Tatiana Volojanina ikinci, İsrail təmsilçisi Valeria Sotskaya isə üçüncü yerdə qərarlaşıb.
Lentlə hərəkətlər turnirin son yarışı olub. Bu dəfə Azərbaycan daha böyük uğur qazanıb. Arzu Cəlilova komandamızın aktivinə qızıl medal yazdırıb. Rusiyalı Lala Kamarenko ikinci, Bolqarıstanlı Tatiana Volojanina isə üçüncü olub. Qeyd edək ki, 27-29 aprel tarixlərində Milli Gimnastika Arenasında daha bir mötəbər turnir, Bədii Gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Nuriyə ZEYNALOVA