Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi
Aprelin 26-da İsrailin Təl-Əviv şəhərində start götürəcək cüdo üzrə Avropa çempionatının püşkü atılıb. Püşk nəticəsində Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
Birinci yarış günündə 16 cüdoçudan 9-u tatami üzərinə çıxacaq. Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.
Kişilərdən 60 kq çəki dərəcəsindəki Vüqar Şirinli rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovla, 66 kq çəkidəki Avropa və dünya çempionatlarının mükafatçısı Orxan Səfərov xorvatiyalı Bernard Azinoviçlə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru ilə üz-üzə gələcək.
Qadınlardan 48 kq-da Leyla Əliyeva sloveniyalı Marusa Stanqarı, Bazarraqça Erdenebat türkiyəli Dilara Lokmanhekimi, 52 kq-da Buyanxişiq Purevsuren norveçli Madelene Rubinşteyni, Gültac Məmmədəliyeva türkiyəli İrem Korkmazı, 57 kq-da Ülviyyə Rəhimli polşalı Anna Borovskanı, İçinxorlo Munxtsedev kosovolu Nora Qyakovanı sınağa çəkəcək.
Aprelin 27-də 73 kq çəkidə Avropa çempionu, dünya və olimpiya mükafatçısı Rüstəm Orucov 1/16 finalda Dmitri Fedosejenkov (Latviya) - İon Naku (Moldova) cütünün qalibi ilə, Hidayət Heydərov Dmitri Kanivetslə (Ukrayna) qarşılaşacaq.
Nəhayət, aprelin 28-də kişilərdən 90 kq çəkidəki Məmmədəli Mehdiyev 1/16 finalda Davis Duda (Latviya) - Noel van Tend (Hollandiya) cütünün qalibi ilə, 100 kq çəkidəki dünya və Avropa çempionu Elxan Məmmədovla Zelim Kotsoyev müvafiq olaraq, slovakiyalı Matey Hayas və Milan Randlla, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri Tamerlan Başayevlə üz-üzə gələcək. Həmin gün yeganə qadın təmsilçi İrina Kindzerska 1/8 finala təsadüf edən ilk görüşündə rusiyalı Kseniya Çibişovaya rəqib olacaq.
Ümumilikdə Avropa çempionatında 44 ölkədən 368 cüdoçu (215 kişi, 153 qadın) çıxış edəcək.