Firdovsi Umudov: "Avropa çempionatında sərbəst güləşçilərimizin hamısından medal gözləyirik" - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı ilə əlaqədar brifinq keçirib. 

- Avropa çempionatdan gözləntiləriniz nədir?

- Bu il keçirilmiş Azərbaycan çempionatından sonra komandamızı İranda beynəlxalq turnirdə və ABŞ-da Dünya Kubokunda sınaqdan çıxardıq. Dünya Kubokuna Şərif Şərifov, Murtuzali Müslimov və Nurmaqomed Hacıyevi zədəli olduqları üçün apara bilmədik. Qatıldığımız yarışların nəticələrinə əsasən, Avropa çempionatı üçün heyətimizi müəyyənləşdirdik. Heyətdə gənclərə də üstünlük vermişik. Bunlar Muslimov və Hacıyevlə yanaşı, Mircəlal Həsənzadə və Coşqun Əzimovdur. Onlarla bərabər təcrübəli güləşçilərimiz də Dağıstana yollanacaqlar. Heyətimizdə Georgi Edişeraşvili, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi nəticə vermiş pəhləvanlar da var. Bunların hamısı Avropa çempionatında öz sözlərini deməlidirlər.

- Gənc güləşçilərin hansı nəticəsi sizi qane edəcək?

- Onların xarakter göstərmələri, döyüşmələri, medal uğrunda mübarizə aparmaları bizi qane edəcək. Heyətdə yer vermələ, onları gələcəkdə böyüklər arasında dünya çempionatı və Yay Olimpiya Oyunlarına hazırlamaq istəyirik. Dünya Kubokunda elə güləşçilərimiz oldu ki, xarakter göstərə bilmədikləri üçün Avropa çempionatı üçün açıqlanan heyətə daxil edilməyiblər.

- Dünya Kubokundan sonrakı qısa müddət ərzində Avropa çempionatı üçün tam forma yığmağa vaxt tapa bildiniz?

- Təbii. ABŞ-dakı Dünya Kubokuna yollananda da bir gündən sonra idmançılarımız məşqlərdə özlərini yaxşı hiss etməyə başladılar. Qayıtdıqdan sonra isə bərpa prosesi də, hazırlıq da normal getdi. Hazırda təlim-məşq toplanışımız yüksək səviyyədə davam edir.

 

- Hacı Əliyev 61 kq çəki dərəcəsində qarşısıalınmaz idi. Lakin 65 kq-a keçdikdən sonra hələ tam uyğunlaşa bilmədiyi görünür. Problem nədədir?

 

- Dünya Kuboku və beynəlxalq turnirlərdə 2 kq-dək artıq çəki ilə çıxış etməyə icazə var. Yəni, rəqiblərinin ondan 2 kq artıq çəkidə olması da özünü göstərir. İnanıram ki, Hacı Əliyev Avropa çempionatında özünü ən yaxşı tərəfdən göstərə biləcək. Doğrudur, güclü rəqibləri var. Güləşdə uduzmaq da, udmaq da olar. Lakin Hacı dünyaca reytinqli pəhləvandır. Hazırlıq prosesinə əsasən, deyə bilərəm ki, Hacı Dağıstanda öz sözünü deyəcək.

- Coşqun Əzimov Dünya Kuboku ilə müqayisədə, Avropa çempionatında 70 kq deyil, 74 kq-da çıxış edəcək. Bu, nə ilə əlaqədardır?

- Qeyd etdiyim kimi, Dünya Kubokunda 2 kq artıq çəki ilə çıxış etməyə icazə var idi. Yəni, o, 72 kq çəki ilə mübarizə aparmışdı. Normalda isə Coşqunun çəkisi 75 kq-dır. Ona görə də Avropa çempionatında 74 kq-da çıxış etməsini məqsədəuyğun saydıq.

- Bəs dopinq cəzasını başa vuran Toğrul Əsgərovun Avropa çempionatından kənarda qalması nə ilə əlaqədardır?

- Toğrul hələ fiziki və psixoloji cəhətdən hazır deyil, formasını tam bərpa etməyib. Üstəlik, çəki məsələsi də var. 70 kq və 74 kq çəki dərəcələrindən hansına uyğun olduğuna baxacağıq. Əsgərov yarışlara və məşq proseslərinə bir müddətlik ara vermişdi. Lakin artıq məşqlərini davam etdirir. Onu qarşıdakı turnirlərdə sınaqdan çıxaracağıq.

- Avropa çempionatında əsas rəqibləriniz qismində hansı ölkələri görürsünüz?

- Hər zaman demişəm ki, zəif rəqib olmur. Azərbaycan millisinin özü də kimlər üçünsə güclü rəqibdir. Bunu Dünya Kuboku da, ötənilki yarışlar da göstərdi. Heyətimizdə yetərincə güclü güləşçilər var. Hər biri titullu pəhləvanlardır, yetərincə nəticələri var. Onların hamısından medal gözləmək olar. Normal hazırlıq keçiblər. İnanırıq ki, lazımi nəticəni də göstərəcəklər.

- Hakimlərin və dağıstanlı azarkeşlərin təzyiqlərinə psixoloji cəhətdən hazırsınız?

- Sözsüz. Bütün yarışlardakı kimi hazırıq. Proqnoz verməyi xoşlamıram, lakin sürprizlər gözlənilir. İstər yunan-Roma güləşində, istərsə də kişi və qadınların sərbəst güləş yarışlarında. Daha çox yunan-Roma və qadın güləşində gənclərə üstünlük verilib. Avropa çempionatında yaxşı nəticələr gözləyirik.