Aslan Ağayev: "Avropa çempionatında bir dəst medalla qazanacağımıza ümid edirik"

“Hazırlığmızın sayəsində Avropa çempionatında uğurlu çıxış edəcəyimizə və vətənə bir dəst medalla qayıdacağımıza ümid edirik. Güvəndiyim güləşçilər çoxdur”.

Bunu qadın güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aslan Ağayev Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı ərəfəsində təşkil etdiyi brifinqdə deyib.

O, son altı ay ərzində qitə çempionatına hazırlaşdıqlarını, bu müddətdə həm təlim-məşq toplanışları təşkil etmiklərini, həm də müxtəlif turnirlərdə qüvvələrini sınadıqlarını bildirib: “Hazırlıq prosesinə əsəsən, heyətlə bağlı seçimlərimizi etmişik. On çəki dərəcəsi üzrə olan yarışda 9 güləşçi ilə təmsil olunacağıq. Bir dəst medal deyirik, təki, daha çox olsun. Qadın güləşi elədir ki, gözləmədiyin idmançı da fəxri kürsüyə yüksələ bilir. Komandanın fiziki hazırlığı normaldır. Burda sürətli olmaq daha önəmlidir. Fiziki durum da bunu tamamlayır. Bir neçə il qadın güləşində söz düşəndə Ukrayna və ya Yaponiya göz önünə gəlirdi. Amma indi bütün dünya güləşir. Özbəkistanın belə rəqabət apara biləcək yığması formalaşıb. Yarışın Rusiyada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Həmçinin, Belarus, İsveç, Almaniya yığmaları da güclüdür.

A.Ağayev olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnikin hazırda yığmanın düşərgəsində yer almamasını onun üçün sınaqçı-rəqib olmaması ilə əlaqələndirib: “Sonuncu təlim-məşq toplanışımız Ukraynada olub. Yarışqabağı burada ona sınaqçı-rəqib olmadığına görə məşqçisi ilə birgə Qazaxıstan yığması ilə hazırlıq keçməsini məsləhət görmüşük. Stadnik sabah bizə qoşulacaq”.

Baş məşqçi gənclər arasında dünya çempionu olan Türkan Nəsirova və Leyla Qurbanovanın Avropa çempionatına aparılmamasında da aydınlıq gətirib: “Leylanın çox ciddi zədəsi var. Türkana gəlincə, onun çəkisində çıxış edən Mariya Stadnik daha güclü olduğu üçün heyətdən kənar qalıb”.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi 2 - 4 mayda olacaq. Yarışda Azərbaycanı Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.