Laloviçin səfərinin pərdə arxası
Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin gözlənilmədən ölkəmizə səfəri güləş ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Laloviçin bu qəfil səfərinin məqsədi sabah Rusiyanın Dağıstan Respublikasının Maxaçkala şəhərində start götürəcək güləş üzrə Avropa çempionatı ilə əlaqələndirilir. Etimal etmək olar ki, UWW prezidenti Kaspiyskdə keçiriləcək qitə çempionatına Bakıdan yollanmağı əlverişli hesab edib.
Lakin, Laloviçin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşməsi və ölkə rəhbərinə Dünya Güləş Birliyinin ən ali mükafatını təqdim etməsi səfərin rəsmi xəbərlərdə deyildiyi kimi Avropa çempionatına Bakıdan getmək yox, daha əhəmiyyətli olduğundan xəbər verir. Daha sonra Laloviçin Olimpiya Güləş Mərkəzində olması və AGF-nin birinci vitse-prezidenti Firdovsi Umudovla görüşüb güləşimizin maddi-texniki bazası ilə tanış olması da səfərin təsadüf olmamasından xəbər verir.
Səfərin məqsədinin daha bir mühüm əhəmiyyət kəsb edən səbəblərdən biri də gələn il keçiriləcək güləş üzrə dünya çempionatı ola bilər.
Çünki, "Tokio 2020” Olimpiya Oyunları öncəsi baş tutmalı olan Mundial olduqca vacib əhəmiyyət daşıyır. Qeyd edək ki, daha öncə ölkəmizin 2 dəfə ev sahibliyi etdiyi DÇ yarışları həm də Olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq.
Belədə, DÇ kimi mötəbər yarışa ev sahibliyi etmək həm Tokio-2020 üçün bahadırlarımızın lisenziyalara daha da çox sahib olmasına və turizmin inkişafına böyük təkan vermiş olar.
Düzdür, bunlar hamısı ehtimaldır. Ama istənilən halda Nenad Laloviçin ölkəmizə səfəri güləşimizin ancaq xeyrinə ola bilər.