Eldəniz Əzizli: "Çempionluq tam fərqli hissdir"

"Bu, çox yaxşı hissdir. Daha öncə gənclər arasında dünya çempionu olmuşdum. Amma böyüklər arasında keçirilən yarışlarda Avropa çempionatında 3-cü yerə çıxmışdım. Çempionluq yox idi. İndi hiss edirəm ki, çempionluq tam başqa bir hissdir". 
 
Bunu Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib. 
 
26 yaşlı pəhləvan bildirib ki, finalda görüşdüyü estoniyalı Helari Megissalu ilə ilk dəfə üz-üzə gəlib: "Bu rəqiblə heç vaxt qarşılaşmamışdım. Rəqibdən də çəkinmirdim. Hər ehtimala qarşı bundan əvvəlki görüş ağır olduğu üçün ehtiyatlı davranmalı olduğumu bilirdim. Məğlubiyyət barədə fikirləşmirdim".
 
Avropa çempionluğunun ona əlavə stimul verdiyini deyən Əzizli önündə digər yarışlar üçün qapıların açıldığını və özünəinamın artdığını vurğulayıb. O, qızıl medalı qızına həsr etdiyini diqqətə çatdırıb: "Bir uşağım var. İkinci də olacaq".
 
Təcrübəli pəhləvan növbəti hədəflərindən də danışıb: "Bundan sonrakı hədəflərim 55 kq çəki dərəcəsində dünya çempionatında uğur qazanmaqdır. Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundiala hazırlaşacağam. Çəkindiyim rəqib yoxdur. 55 kq-da özümü hamıdan güclü hesab edirəm. Amma nəzərə almaq lazımdır ki, dünyada da güclü rəqiblər var. Yaponiya və Koreya idmançılarını buna misal göstərə bilərəm. Onlar aşağı çəki dərəcələrində həmişə yaxşı çıxış edirlər. Son Asiya çempionu da yaponiyalıdır. Dünya çempionatında onunla üz-üzə gələcəyik. Eyni zamanda, bu nailiyyətimin davamının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gələcəyinə inanıram".