"Xəzər Lənkəran"ın bağlanmasına təəssüflənən dağıstanlı: "Hacı Əliyev çox güclü və nizam- intizamlı idmançıdı"
Abdulkərim Abdulkərimov artıq uzun illərdi Dağıstanda futbol məşqçisi kimi fəaliyyət göstərir. Əsasən yeniyetmə futbolçuların hazırlığı ilə məşğuldu. Onun məşqçi olduğu 15 yaşlılardan ibarət komandasının 3 futbolçusu “Terek”, 3-ü isə “Anji” klubunun heyətinə cəlb olunub.
Futbolçu kimi də Rusiyanın bir çox klubunda top qovub. Hətta 2006-ci ildə “Xəzər Lənkəran” klubunda baxışda olub. Lənkərandakı şəraitdən çox razı qalıb. Orda futbolun çox sevildiyini qeyd edən qəhrəmanımız müəyyən səbəblərdən Lənkəranda çox qala bilməyib.
“Klubun indi fəaliyyət göstərməməsi məni çox təəssüfləndirir. Ordakı dostlarla da əlaqə saxlayanda onlar da bu vəziyyətə təəccübləndiklərini, klubun fəaliyyətini dayandırmasını gözləmədiklərini deyirlər.Çox təəssüf...
Mən futbola başlayanda təsəvvür belə etməzdim ki, Azərbaycanda bu səviyyədə futbol var.Sizdə futbol çox sevilir, inkişaf edir. Sizin futbol günü gündən inkişaf edir. Milli sviyyəsində də nəticələr göz önündədir. Hər bir ölkənin millisinə ciddi rəqibsiz.
“Qarabağ”ı da xüsusi qeyd edərdim. Orda çıxış edən Arif Daşdəmirovla uzun illər komanda yoldaşı olmuşam. Onunla eyni qabdan yemək yemişik. Çox hörmət etdiyim insandı. Düzü inanmazdım ki, o, bu səviyyədə futbolçu olacaq. Dağıstanlı kimi biz öz bacarığımızı bilirik. Əvvəl səhv etmirəmsə “Qəbələ”də oynadı sonra “Qarabağ”a transfer olundu. “Qarabağ”da çox ciddi klubdu. Avrokuboklarda, Çempionlar liqasındakı çıxışları da buna sübutdu. Əminım ki, onlar hələ çox uğur qazanacaqlar.”
Hal-hazırda Dağıstanın Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatına da toxunan müsahibimiz qeyd edir ki, futboldan əvvəl bir neçə il güləşlə də məşğul olub və idmanın bu növünü də çox sevir.
“Güləş hamının bildiyi kimi Dağıstanda da, Azərbaycanda da çox inkişaf edib. Hətta deyərdim ki, bir nömrəli idman növü sayılır. Buna sübut olaraq Azərbaycanın bir çox olimpiya və dünya çempionu olan güləşçilərinin olmasıdı. Eyni hal Dağıstan güləşçilərinə də aiddi. Azərbaycanın həm güləşçilərinə , həm futbolçularına uğurlar arzu edirəm. Əminəm ki, Azərbaycan idmançıları dünya arenalarında hələ öz sözlərini deyəcəklər. İndiki Avropa çempionatında da ən güclünün qalib gəlməsini arzu edirəm. Xüsusən sizin 65 kq-da Hacı Əliyevi qeyd edərdim. Çox güclü və ciddi idmançıdı. Hər dəfə ona baxanda nizam-intizamlı, böyük idmançı görürəm. Əsl peşəkardı. Ona görə də onu bu il Avropa çempionu görürəm. ”