Namiq Əliyev yenidən AGF-nin I vitse prezidenti oldu: Firdovsi Umudov postunda qaldı

Gənclər və İdman Nazirliyində (GİN) Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib. 
 
GİN-in mətbuat xidmətindən tədbirdə nazir Azad Rəhimov son dönəmlərdə Azərbaycan güləşçilərinin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbərlərdən söz açaraq, Avropa çempionatından yüksək qələbə, ümumilikdə 18 medalla Vətənə qayıdan pəhləvanlara təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib. A.Rəhimov deyib ki, federasiyada yaşanan problemlərə baxmayaraq, idmançıların qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisidir. Onun sözlərinə görə, növbəti sınaq Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları olacaq. Nazir bu Oyunlarda da uğurlu nəticələrin olacağına ümid etdiyini vurğulayıb.
 
Daha sonra A.Rəhimov Namiq Əliyevin yenidən AGF-yə dəvət olunduğunu və I vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb. Bununla yanaşı nazir Firdovsi Umudovun sərbəst güləş üzrə milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti postunda çalışacağını əlavə edib.
 
A.Rəhimov bu qayıdışı belə şərh edib: "Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhvələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşünü hər kəs çox müsbət qiymətləndirib. Firdovsi Umudov komandamızın daim Vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək".
 
Nazir çıxışının sonunda federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən Olimpiya Komplekslərindən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün AMADA (Azərbaycan Milli Antidopinq Agentliyi) ilə sıx çalışmalarını məsləhət görub.
 
Öz növbəsində N.Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse prezidenti Firdovsi Umudov, vitse-prezident Elcin Cəfərov Gənclər və İdman Naziriyinə daim göstərilən dəstək üçün təşəkkürünü bildirib, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına və 2020-ci il Tokyo olimpiadasına xüsusi hazırlıq keçəcəklərinə söz veriblər.