Şamaxıda Heydər Əliyevin 95 illiyinə həsr olunmuş güləş yarışı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 ili münasibətilə bütün sahələrdə olduğu kimi idman aləmində də müxtəlif tədbirlər həyata keçirilir. Belə idman tədbirlərindən biri də may ayının 10-da Şamaxı rayonununda baş tutub. Tədbir Əməkdar bədən tərbiyəsi və idman xadimi, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, sərbəst güləş üzrə dəfələrlə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, müxtəlif turnirlərin qalibi, əməkdar məşqçi, xeyriyyəçi insan Oleq Krapivinin şəxsi vəsatəti hesabına tikilib istifadəyə verilən "Şirvan" güləş klubunun idman zalında keçirilib. Azyaşlılar arasında sərbəst güləş üzrə keçirilən "Şirvan" güləş klubunun açıq birinciliyində Şamaxı güləşçiləri ilə bərabər paytaxt pəhləvanları da qüvvələrini sınayıblar. Turnirin keçirilməsində əsas məqsəd dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü qeyd etmək və güləş idman növünün inkişafına nail olmaq olub.

Xatırladaq ki, Oleq Krapivinin təşəbbüsü və təşkilatçılığı ilə dəfələrlə Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər Əliyevin xatirəsinə bir sıra tədbirlər həyata keçirilib. Bundan əlavə olaraq qəlbi vətənlə,güləşlə döyünən Oleq Krapivinin təşkilatçılığı ilə hər il Şamaxıda yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilir.