Azərbaycan yığmasının heyəti açıqlandı

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa çempionatı üçün Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb.
 
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, mayın 14-də Makedoniyanın paytaxtı Skopyerdə start götürəcək yarışa 10 pəhləvan qatılacaq. Millidə Kənan Heybətov (45 kq), Əlihəsən Əmirli (48 kq), Riyad Aslanov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Turan Bayramov (65 kq), Rəşad Əzizov (71 kq), Fuad Mayılov (80 kq), Sənan Əlizadə (92 kq) və İslam Abuyev (110 kq) yer alıb. Yığmaya böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyev rəhbərlik edəcək. Görüşlərin idarə edənlər arasında isə beynəlxalq dərəcəli hakim Vüqar Şükürov olacaq.
 
Çempionatın proqramına əsasən, sərbəst güləşçilərin mübarizəsi üç gün davam edəcək. 16 - 18 mayda yeniyetmə qızlar, 18 – 20 mayda yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
 
Qeyd edək ki, Avropa çempionatı 12 - 14 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarının güləş yarışlarına lisenziya xarakteri daşıyır. Yunan-Roma güləşi üzrə 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq, sərbəst güləş üzrə 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq, qadın güləşi üzrə 43 kq, 49 kq, 57 kq, 65 kq və 73 kq çəkidə çempion olacaq güləşçilər olimpiadaya birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, ölkələr hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilərlər.