Bakı Marafonunun qalibləri əcnəbilər oldu
Dövlət Bayrağı Meydanından start götürən "Bakı Marafonu - 2018”in qalibləri əcnəbi atletlər olub. Bakı Olimpiya Stadionunadək olan 21 km-lik məsafəni qət edən 18 min iştirakçı arasında Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak edib.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri qoşulub.
"Bakı Marafonu 2018”in qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 manat, 2-ci yerin qalibi 2 000 manat, 3-cü yerin qalibi isə 1 000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.
Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr verilib.
O cümlədən, bütün marafon iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.
Kişilərin yarışında birinci yeri ukraynalı İqor Olifirenko tutub. O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.
Qadınlar arasında qalib adını türkiyəli Fatimə Çelik əldə edib. O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.