8 komandadan ən azı 6-sı avrokuboklar üçün oynayacaqlar
Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqasının 2016-2017-ci illər mövsmünün püşkatma mərasimi keçirilib. Tədbirdən əvvəl CBC sporta açıqlama verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ötən mövsümü şərh edib:
“Azərbaycanda ilk dəfə çempionat belə keyfiyyətlə yayımlandı. Buna görə CBC Sport kanalının bütün əməkdaşlarına təşəkkür edirəm. Vaxt var idi ki, mən deyirdim: “Bizim çempionat heç bir xarici çempionatdan geri qalmır, yalnız yayımda, işiqlandırmada problem var”. Sağ olsun CBC Sport komandası bu sözlərimi təsdiqlədilər.
2016-2017-ci illər mövsmündə çempionatımız daha maraqlı və gərgin keçəcək. 8 komandadan ən azı 6-sı avrokuboklar üçün oynayacaqlar.
Bu il bir sıra yeniliklər olacaq. Klubların xahişini və hazırki maliyyə durumunu nəzərə alaraq, xarici oyunçular üçün PFL-ə ödənilən məbləğ azaldıldı. Həmçinin, yeni mövsümdən bütün futbolkaların arxasında adlar Azərbaycan əlifbası ilə yazılacaq.
“Neftçi”nin, “Qarabağ”ın və “Qəbələ”nin avrokuboklara vəsiqə qazanması futbolumuzun son illərdəki inkişafından danışır. Azarkeşlər artıq 2 mərhələ keçməyə yetərli baxmırlar. Bu gün “Qarabağ” “Viktoriya” ilə qarşılaşır. Onlara uğurlar arzulayıram. 2 gün sonra “Qəbələ” də öz oyununu keçirəcək. Hər iki klubumuzdan qələbə gözəyirik.
Daha bir təşəkkürümü Topaz rəhbərliyinə bildirirəm. Bu mövsüm üçün də onlar çempionatımızın sponsoru olacaq.
Bildiyiniz kimi, bir neçə gün əvvəl hakimimiz Əliyar Ağayev U-19 Avropa çempionatının finalını idarə etdi. AFFA rəhbərləyinə belə hakimimizin yetişməsində göstərdiyi səylərə görə təşəkkür edirəm.
Həmçinin bu mövsümdən etibarən Budaq Nəsirov və Elnur Cəfərov karyeralarını Portuqaliyada davam etdirəcəklər. Biz hər zaman demişdik - əgər klublar oyunçuya dəyərindən, işindən çox pul verməsələr, inkişaf olacaq.
Bu mövsüm də ədalətli çempionat keçirmək üçün çalışacağıq. Fəaliyyət göstərdiyimiz 8 ildə bizim əsas iş prinsipimiz adımıza layiq çempionat keçirməkdir və bundan sonra da belə olacaq”.