Dünya çempionatı üçün 21 güləşçi
Rusiyanın paytaxtı Moskvada hərbçilər arasında 33-cü dünya çempionatının Təşkilat Komitəsinin son iclası keçirilib.
Mərkəzi Ordu İdman Klubunda baş tutan toplantıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) rəsmi nümayəndəsi Soo Kim Hyun, Təşkilat komitəsinin sədr müavini Roman Kudryavtsev, hakimlər briqadasının sədri Vladimir Qriqoryev, UWW-nin (Dünya Güləş Birliyi) rəsmi nümayəndəsi Uve Manz, CİSM-in güləş komitəsinin sədri Marko Kopella, Təşkilat komitəsinin vitse-sədri Oleq Parxomenko, CİSM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə kordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, yarışlarda iştirak edəcək komandaların rəhbər heyətinin üzvləri, hakimlər və məşqçilər iştirak ediblər.
Təşkililati məsələlərə cavabdeh olan Rusiya nümayəndəsi O.Parxomenko çıxış edərək yarışlar müddətində yaradılacaq şəraitlə və davranış qaydaları ilə komanda rəhbərlərini tanış edib.
Daha sonra CİSM-in güləş komitəsinin sədri M.Kopella çıxış edərək yarışların təşkilindən, əhəmiyyətindən və təmsil etdiyi qurumun məramından, gələcəkdə keçirilməsi planlaşdırılan yarışlardan danışıb, idmançılara uğurlar arzulayıb.
Təşkilat Komitəsinin iclasında yarışlarla bağlı bir sıra məsələlər müzakirə edilib və komanda rəhbərlərinin sualları cavablandırılıb.
Toplantıdan sonra texniki heyətin və hakimlərin yarışqabağı iclası da keçirilib və püşkatma olub.
Qeyd edək ki, yarışda Azərbaycanı MOİK klubunun sərbəst və yunan-Roma güləşi üzrə hər birindən 9 kişi, eləcə də 3 qadın güləşçi təmsil edir.
Sərbəst güləşçilərin heyətində Əfqan Xaşalov (57 kq), Pərviz İbrahimov (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Pənah İlyaslı (70 kq), Coşqun Əzimov (74 kq), Orxan Abbasov (79 kq), Kənan Əliyev (86 kq), Asxab Həmzətov (92 kq) və Roman Bəkirov (97 kq) yer alıb.
Yunan-Roma güləşi üzrə yarışlara Ziyad Zeynalov (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə (72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq) və Türmən Eyubov (97 kq) qatılıb.
Sona Tumarxanova (50 kq), Tatyana Varansova (53 kq) və Ceyla Nağızadə (65 kq) isə qadınların yarışında çıxış edəcəklər. Azərbaycan komandasının rəhbəri MOK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevdir.
22 ölkənin 350-yə yaxın nümayəndəsinin qatılacağı dünya çempionatı mayın 20-dək davam edəcək.
Bu gün dopinq nəzarətindən və idmançılarının çəkilərinin dəqiqləşdirilməsindən sonra yarışlara start veriləcək. İlk gündə 5 çəki dərəcəsi üzrə kişi və qadın idmançılar döşək üzərinə çıxacaqlar.