Qəbələnin baş məşqçisi: "Hakimlər 15 xalımızı alıblar"
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Neftçi” - “Qəbələ” matçından (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Olimpsport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis hakimlərdən narazılığını gizlətməyib:
“Oyunun nəticəsindən narazıyam. Bu gün biz qalib gəlməli, böyükhesablı qələbə qazanmalı idik. İstəyimizin alınmamasının səbəblərindən biri yüzfaizlik imkanlardan istifadə etməməyimizdir. İkinci səbəbi isə hakimlərin bərbad qərarlarıdır. Cari mövsüm çempionatda ən azı 15 xalımızı alıblar. Bu gün də bizi qələbədən etdilər. Hakimlərə hörmətlə yanaşıram, onlara az səhv etməyi arzulayıram. “Qəbələ”yə hörmətlə yanaşmağa çağırıram. Son vaxtlar gördüklərimə əsasən deyərdim ki, “Qəbələ”yə hörmətlə yanaşmırlar. Dediklərimlə futbol ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm. Artıq belə şəraitdəki işim öz mənasını itirir. Böyükhesablı qələbə qazanmalı olduğumuz halda heç-heçəylə kifayətləndik. Aleksey Antonovdan razı deyiləm, amma ona inanıram. Onun üzərindəki təzyiqi də başa düşürəm. Bu üzdən bütün futbolçularım kimi ona da dəstək oluram. Ən pis olanı qol vura bilməməyimizdir. “Neftçi”yə simpatiyam var. Amma bu komanda layiq olduğu yerdə deyil. Heç kim bu komandaya pis deyə bilməz. Belə rəqiblə matçda üstün oynadığımız üçün futbolçularımı tərifləməliyəm. Sonradan meydana daxil olan Rəşad Eyyubovu əvəzləməyim onunla bağlı idi ki, azlıqda qaldığımızdan müdafiəmeylli oyunçu lazım idi. Buna görə ondan üzr də istədim. Əvəzlənməsi heç də pis oynaması ilə bağlı deyil. Ehtiram Şahverdiyevin potensialı böyükdür. Ona inanırıq və hər şey edəcəyik ki, onu yüksək səviyyəyə qaldıraq. Dodo müalicə olunur. Onunla Yunanıstan klublarının maraqlandığını bilmirəm. O, yaxşı futbolçudur və bizə kömək edə bilər. Amma zədəlidir və bundan sonra da bizə fayda verə biləcəyinə ümid edirəm”.