Kaspiysk təəssüratları…YAZI+FOTOLAR
Kaspiysk təəssüratları…
Kaspiysk - bizə heç də yad olmayan bir şəhərdir. Bakıya səfalı bölgəmiz olan Qazax rayonundan da yaxın olan məsafədə yerləşən bu şəhər mənə Sumqayıtı xatırladırdı, həm görünüşcə, həm də əhalisinin sayı baxımından. Xəzər dənizinin sahilində yerləşən bu balaca şəhərin bəlkə elə Sumqayıt qədər də yaşı vardır. Yeni tikili binalar, ayrı-ayrı xalqlar, geniş küçələr, əksəri isə gənc ailələrdən ibarət olan sakinlər buranın Sumqayıta bənzərliyini bir az da artırırdı. Dəniz kənarında yerləşən Kaspiysk şəhərində sanatoriyaların çoxluğu da nəzərə çarpırdı. Bura Dağıstan ərazisində bəlkə də ən az məscid olan şəhərdir. Sanki şəhər Avropa standartlarına inteqrasiya olunmaq üçün müasir imic yaratmaq istəyir özündə. Yaşı az olsa da, bir zaman gələcək ki, hələ çox danışacaqlar Avropanı özünə qonaq etmiş bu şəhərdən.
TƏŞKİLATÇILIQ
Təşkilatçılıq deyəndə ilk öncə hamının ağlına təhlükəsizlik gəlir. Nəzərə alsaq ki, qitənin ən nüfuzlu yarışlarından biri Dağıstan Respublikasında keçirilir, təhlükəsizlik məsələsi biraz da qabarıq nəzərə çarpır, daha çox diqqət tələb edir. İdman aləminin adamları hər yerdə sevilir, seçilir. Siyasətdən, qəddarlıqdan uzaq olur. İdman arenaları isə insanların istirahət məkanına çevrilən bir aləm kimi qəbul olunur. Hətta dəfələrlə şahidi olmuşuq ki, cəmiyyətə təhlükəli olan insanlar əllərində silah,əyinlərində isə məşhur idmançıların formasını nümayiş etdirir. Hamı bilir ki, çox nadir hallarda zəngin, ziyalı ailələrdən idmançı yetişir. Ona görə də idmançılar hər təbəqənin sevdiyi şəxslər olurlar.Bir sözlə,idmançı hər yerdə,bütün dünyada sevilir və ictimaiyyət tərəfindən həmişə humanist və etibarlı şəxs olaraq hörmət görür. Buna baxmayaraq Kaspiysk də başdan ayağa silahlanmış xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən ciddi şəkildə mühafizə olunurdu. Yarışın keçirildiyi Əli Əliyev adına idman arenasına yaxın binaların hər girişinin qarşısında silahlı polis əməkdaşları dayanırdı. Dağıstanın digər şəhərlərindən də polis əməkdaşları Kaspiyskiyə ezam olunmuşdu. Bir sözlə,yarış arenasına daxil olmaq üçün azı 5-6 yoxlanış məntəqəsindən keçmək lazım olurdu. Könüllü kimi fəaliyyət göstərən gənclərin əməyini də qiymətləndirmək lazımdır. Onu da qeyd edək ki, Azərbaycanlılara yaxşı mənada xüsusi diqqət yetirilirdi. Həm din, həm dil, həm ənənə, həm qonşuluq münasibətlərinin yaxın olması və ən əsası güləş əlaqələrinin möhkəm bağlılığı əsas səbəblərdən idi. Düzdür, xırda çatışmazlıqlar da özünü göstərirdi. Buna misal kimi yarış vaxtı zalda güləş xalçası istisna olmaqla, qalan yerlərdə işıqlar söndürülürdü. Bu isə azarkeşlərin üzlərindəki sevinc, kədər, mimika və sair kimi maraqlı anları görməyə mane olurdu. Ümumilikdə, isə təşkilatçılıq heç də pis deyildi. Yeri gəlmişkən, yarışın texniki təşkilat işlərinə həmyerlimiz Ramil Əhmədov rəhbərlik edirdi. O, Bakıda təşkil olunan Qızıl Qran-Pri yarışlarında bu vəzifəni layiqincə yerinə yetirdiyi üçün Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Lalovic onu bu yarışa da rəhbərlik etməyə dəvət etmişdi. Təşkilatçılıq işində qonaqlar tərəfindən bəyənilən daha bir maraqlı təşəbbüs arenanın daxilində müsəlmanların namaz qılması üçün təşkil olunan böyük yerin olması idi.
MİLLİMİZDƏN HANSI NƏTİCƏ GÖZLƏNİLİRDİ?
Son vaxtlar ölkəmizin güləş aləmində müvəqqəti də olsa maddi sıxıntılar yaşanması üzündən ictimaiyyət arasında da bəzi xoş olmayan söz-söhbətlər gəzirdi. Hələ ötən il millimizin tanınmış üzvləri maaş problemlərini və istənilən səviyyədə təlim-məşq toplanışı keçə bilməmələrini əsas gətirərərk media önünə çıxaraq etiraz etmişdilər. Azərbaycanın ən populyar idman növündə belə halın yaşanması ictimaiyyət tərəfindən də bir mənalı qarşılanmamışdı. Qısa müddətdə federasiya rəhbərliyi problemlərin həlli istiqamətində əməli iş gördü. Hadisələri nəzarət altına ala bildi. Xüsusi qeyd edək ki, həmin dövrdə sərbəst güləş üzrə millimizin baş məşqçi, vitse-prezident Firdovsi Umudov yaranan vəziyyətdən çıxış yolunu tapmaq üçün böyük iradə sərf etdi. Düzdür, əvvəlki illərə baxanda cüzi də olsa maddi çətinliklər yenə davam edirdi. Eyni zamanda təxminən üç həftə öncə ABŞ-da keçirilən Dünya kuboku yarışının da pəhləvanlarımıza yorğunluq gətirəcəyini deyənlər var idi. Elə bu səbəblərdən də güləşsevərlərin əksəriyyəti millilərimizdən yüksək nəticə gözləmirdilər. Amma, cücəni payızda sayarlar deyib atalarımız. Çempionata yunan-Roma bahadırlarımız start verdi. Yarışa başlar-başlamaz ilk qızıl medalı qazanan Eldəniz Əzizli (55 kq) sanki yığma üzvlərimizin əhval-ruhiyyəsini biraz daha yüksəltdi. Düzdür, ümümi nəticə ilə müqayisə etsək sərbəst güləşçilərimiz daha üstün oldular. Hər halda qadın yığmamız da daxil hər üç komandamız yarışı qızıl medalla başa vurdu. Qadınlardan söz düşmüşkən Mariya Stadnik bu dəfə də özünün liderlik keyfiyyətlərini nümayiş etdirərək qızıla “büründü. Sərbəstlərdə isə 4 finalçımızdan ikisi qızıl qazandı. Giorge Edişeraşvili (57 kq) və Hacı Əliyev (65) bir gündə iki dəfə dövlət himnimizi səsləndirdilər.Ümumilikdə isə 10 çəkidə mübarizə aparan sərbəst güləşçilərimiz aktivlərinə 8 medal yazdıra bildilər. Üç qat dünya çempionu, Olimpiya mükafatçısı Hacı Əliyevin (65 kq) final görüşünü xüsusilə qeyd etmək istəyirəm. Hər şey gözümün qabağında baş verdi. Cəsarətlə deyə bilərəm ki, çempionatın bəzəyi həmin görüş oldu. Hacı 2-7 hesabı ilə geridə olmasına baxmayaraq son saniyələrdə yüksək əzmkarlıq göstərdi. Güclü rus rəqibi İlyas Bekbulatovu məğlub etdi. Görüş zamanı maraqlı hadisələrə də şahid oldum. Rəqib güləşçinin azarkeşləri onu bizim başa düşdüyümüz, danışdığımız dildə qələbəyə səsləyirdi. Bu da İlyas Bekbulatovun milliyətcə kumuk olmasından irəli gəlir.Həqiqətən də inanılmaz hadisələr yaşandı. Görüşdə yüksək temp və dinamika var idi. Hər iki idmançı öz ustalıq səviyyələrini maksimum dərəcədə ortaya qoymuşdu. Deyərdim ki, bədəndə o əzələ yox idi ki, hərəkət etməsin. Bəs qələbəni hansı səbəbdən Hacı qazandı? Bu sualın cavabı yalnız milli və döyüş ruhunun Hacının tərəfində olması ilə bağlıdır. Çünki bədənin gücü dinamik həddən yuxarı gedə bilmir. Həmin anda ruh öz işin görür. Mən buna görüşdən sonra əmin oldum. Bəli, bu həyacanlı finaldan bir neçə dəqiqə sonra Hacı Əliyev özündən getmişdi. Çünki o, canını xalça da qoymuşdu. Ona görə ruh da mübarizədə əldən düşmüşdü sanki.
Mükafatlandırma mərasimində isə daha bir məqam diqqətimi çəkdi. Finalda Hacı Əliyevə məğlub olan İlyas Bekbulatov səhhəti ilə bağlı fəxri kürsüyə çıxmadı . Onu müəllimi Adbul Salam Qadisov əvəzlədi. Həmin Qadisov ki, bəlkə də Hacı Əliyev yatıb yuxusunda da görməzdi ki, bir gün o, fəxri kürsüdə Avropa, dünya çempionu, Olimpiya mükafatçısı Abdul Salam Qadisovla yanbayan dayanacaq, hətta ondan da yuxarıda. Çünkü reallıqda bu mümkün deyildi. İlk növbədə bu idmançıların arasında 5 çəki fərqi var. Həm də vaxtilə Abdulsalam Qadisov Olimpiya Oyunlarında, dünya çempionatlarında var-gəl edəndə Hacı Əliyev uşaq vaxtlarında onun güləşini televiziya ekranlarından seyr edirdi. Amma burada deyirlər, sən saydığını say, gör fələk nə sayır? Hacı fəxri kürsüdə Abdulsalam Qadisovdan üstün yerdə və əli də onun çiyinlərində dayandı. Bütün güləşçilərimizin əməyini yüksək qiymətləndirmək olar. AGF-nin vitse-prezidenti, baş məşqçi Firdovsi Umudovun əməyini də xüsusi qeyd etmək lazımdır. Firdovsi müəllim çiyinlərində Azərbaycan güləşinin yükünü daşıyan adam təsiri bağışlayırdı. Baş məşqçinin çığırmaqdan səsi də batmışdı.
Hakimlərimiz Avropa çempionatında ölkəmizi uğurla təmsil etdilər.
Bu yerdə bu cür mötəbər yarşda ölkəmizi təmsil edən hakimlərin də əməyini unutmaq haqsızlıq olardı. Belə dünya səviyyəli hakimlər Hicran Şərifov,İntiqam Alıyev və Asif Şirəliyev görüşlərin idarə edilməsində uğurla iştirak etdilər. Qeyd edək ki, hakimlərimiz arasında ən təcrübəlisi Hicran Şərifov idi. O, 3 Olimpiya Oyunlarında hakimlik edən yeganə güləş hakimidir və 2012-ci il London Yay Olimpiya Oyunlarında "Qızıl Fit" mükafatına layiq görülüb.
Sərbəst güləşçilərin mübarizəsinin son günü komanda hesabında ilk üç yeri tutmuş komandaların mükafatlandırma mərasimi baş tutdu. Sıralama isə belə oldu: Meydan sahibi Rusiya birinci, Azərbaycan millisi ikinci, qonşu və qardaş Türkiyə isə üçüncü oldu . Mükafatlandırmadan sonra Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydınla da görüşmək imkanım oldu. O, söhbət əsnasında maraqlı fikirlər səsləndirdi: "Çox kasıb yerlərdi buralar. Çox da qəribə. Dağıstanlı bir güləşçi başqa ölkəni də təmsil etsə azarkeşlər yenə də onu ayaq üstə aşqışlayırlar. Bizdə isə əksinə. Az qala həmin idmançını vətən xaini etsinlər. " Musa bəy yarış haqda da fikirlərini bildirdi. “Ömrümdə bir idmançının haqqına bu qədər çox girilən çempionat görmədim. İstər Türkiyə idmançıları olsun istərsə də başqa bir ölkə.
“ Bəli, Musa bəyin sözlərində böyük həqiqət var idi. Hətta görüşlərin birində (səhv etmirəmsə,79 kq da)Rusiyanı təmsil edən dağıstanlı idmançı ilə başqa bir ölkəni təmsil edən digər dağıstanlıının mübarizəsində yerli azarkeşlər məhz xarici ölkə təmsilçisini dəstəkləyirdilər. Həmin görüşdə idman zalındakı səs-küydən qulaqlar batmışdı. Rus idmançı sanki başqa bir ölkədə yarışırdı. Bundan əlavə, çempionatda xarici ölkələrin şərəfini qoruyan dağıstanlı idmançılara xüsusi dəstək nümayiş olunurdu. Adamda belə təsəvvür yaranırdı ki, həmin idmançıları Dağıstandan küsdürüblər və ya ailəsi ya xalqı üçün çörək pulu dalınca gedib. Digər bir türk güləş mütəxəssisi Xəlil İbrahim Oqtay da Musa Aydının sözlərinə dəstək verdi. Yarış zamanı üç qat Olimpiya çempionu, Rusiya dumasının deputatı Buvaysar Saitiyev və Dünya Güləş Birliyinin(UWW) prezidenti Nenad Laloviçlə də görüşmək imkanımız oldu.
Qeyd edək ki, yarışda ərəb şeyxləri də gözə dəyirdi. Onları güləş yarışlarında görmək olduqca xoşdur. Hamıya məlumdur ki ərəb şeyxləri idmana yatırım edirlər, xüsusilə də futbola. Əgər güləş idman növü onların maraq dairələrinə girsə dünyada güləş daha da inkişaf edəcək. Bundan əlavə artıq Avropa ölkələri də öz yığmalarını Qafqazlı və kubalı idmançılarla möhkəmlətməyə başlayıblar. Bu istiqamətdə İtaliya isə öndədir. İtalyanlar artıq güləşə yatırım etməyə başlayıblar. Elə bu səbəbdən də bukmekerlər artıq güləş yarışlarını da mərc oyunlarına çeviriblər. Beləliklə, bir həftə boyunca davam edən növbəti mötəbər yarışda güləşçilərimiz rekord sayda - 4 qızıl, 5 gümüş və 9 bürünc olmaqla, ümumilikdə, 18 medal əldə etdilər.
Ramin Allahverdiyev,sərbəst güləş üzrə əməkdar məşqçi.