Güləşçimiz finalda uduzdu
Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın yeniyetmə qadın güləşçisi Şahanə Nəzərova gümüş medal qazanıb.
43 kq çəki dərəcəsində çıxış edən Nəzərova ardıcıl olaraq, Bolqarıstan, Fransa və Rusiya təmsilçilərinə qalib gəldikdən sonra finala yüksəlib. Həlledici görüşdə o, belaruslu Valeriya Kapustinaya uduzub. Gərgin keçən qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alınsa da, texniki üstünlük Kapustinanın tərəfində olduğu üçün qalib elan olunub. Nəzərova çempion ola bilməsə də, yarımfinala yüksəldiyi üçün oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Daha əvvəl sərbəst güləşçi Turan Bayramov (65 kq) da olimpiadaya vəsiqə əldə edib.