Şahin Dniyev yeni mövsüm üçün hədəflərindən danışdı
Avrokuboklarda mübarizəni dayandıran "Kəpəz" topaz Premyer Liqasında növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir. Olimpsport.az saytı xəbər verir ki, Gəncə təmsilçiləri Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında hazırlıq keçirlər. Saytımızın əməkdaşı hazırlıq prosesini izlədikdən sonra Sahin Dniyevlə söhbət edib və yeni mövsüm barədə danışıb.
- Şahin müəllim, istərdim əvvəl Budaq Nəsirovun "Sportinq"ə keçidi haqqında danışaq
- Əvvəla Budaqa "Kəpəz" klubunu adından, öz adımdan uğurlar arzu edirəm. Həqiqətən futbolçu kimi karyerası üçün böyük pəncərə açılıb. Bundan da maksimum istifadə etməlidir. Düzdür, son klubu "Kəpəz" oldu, amma buna qədər başda atası olmaqla, oynadığı digər klubların, millinin məşqçi heyətinin çox əziyyəti, zəhməti olub. Sadəcə "Kəpəz"də oyunun pik nöqtəsinə gəldi çatdı. Çox əməksevər futbolçudu. Düzdür, hər dəfə mən onu danlamışam, istəmişəm yaxşı oynasın. Psixologiyası tamam başqa cür olan futbolçudur. Futbolçu təzyiq altında daha yaxşı oynayır. Onu da çox zaman təzyiq altında saxlamışam. Meydançada vuruşan , meydançanın hər qarışı uğrunda mübarizə aparan futbolçudur. Əminəm ki, Budaq hələ karyerasında çox uğurlar qazanacaq. Çox şadam ki, o, məhz "Kəpəz"dən sonra transfer olundu. Bir daha "Kəpəz" komandası olaraq, Şahin Diniyev olaraq uğurlar arzu edirəm. Bizim üçün sevinclidi.
- Premyer liqanın püşkü atıldı və ilk turda iki cəbhədə mübarizə aparan "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu sizə üstünlük qazandırmır?
- Elə deməzdim. "Qəbələ" bu gün yaxşı təşkilatlanmış komandadır. İki heyəti tamamlaya biləcək sayda oyunçuları var. Biz də Avropa Liqasından qayıtmışıq. Düşünürəm həm bizim , həm də onlar üçün yaxşı oyun olacaq. "Qəbələ" bu il daha güclüdü, daha iddialı olacaq. İki cəbhədə mübarizə aparacaq yetərincə oyunçuları var. Ona görə də düşünmürəm ki, iki cəbhədə mübarizə onlara mane olsun.
- Keçən mövsüm "Kəpəz" premyer liqaya vəsiqə qazananda klub üzərində hər hansı təzyiq yox idi. Amma komanda boyundan yuxarı tullanaraq Avropa Liqasına vəsiqə qazandı, hətta bir mərhələ keçməyi bacardı. Bu mövsüm isə artıq həm azarkeşlər, həm ictimaiyyət sizdən daha çox uğur tələb edəcəklər...
- Tam razıyam. Çox yerində və düzgün verilən sual idi. Artıq belə deyək ki, sığallanma olmuyacaq. Zirvəyə qalxmaq asandi , amma zirvədə qalmaq çox çətindi. Biz də bunu bacarıb öz imicimizi qorumalıyıq. Bu ilki çempionat da çox çətin olacaq. 8 komandanın hər biri sonda 4-lükdə olmaq üçün vuruşacaqlar. Artıq 5-ci yer heç kimi qane etməyəcək. Hədəf isə keçən ilkindən daha yaxşı oynamaq və ən azı ilk 4-lükdə qərarlaşmaq olacaq. Heyətimiz də keçən ilki heyətdən daha maraqlıdı. Və xüsusən mövsümə erkən başlamağımız, oyunçuların artıq 2-ci il bir yerdə olmaları xeyrimizə işləyən amillərdən olacaq.