İbrahim Öztək: "ABA güləşinin tezliklə Azərbaycanda inkişaf edəcəyinə inanıram" - FOTOLAR

ABA güləşi üzrə beynəlxalq federasiyasının prezidenti İbrahim Öztək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bir neçə gün Bakıda səfərdə olub. 

Dövlət əhəmiyyətli bir çox tədbirlərdə iştirak edən professor,doktor İbrahim bəy səfərin son günündə Azərbaycanın idman və media nümayəndələri ilə də görüşüb. Səfər mübarək Ramazan ayına təsadüf etdiyindən görüş də iftar süfrəsi arxasında baş tutub.

Görüşün əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilini bir daha qeyd etmək və ABA güləşinin ölkəmizdə inkişaf etdirilməsi üçün aparılan fikir mübadilələrindən ibarət olmuşdur. İbrahim Öztək  5 min ilə qədər yaşı olan bu güləşin artıq dünyada populyar olmağa başlaması, Türkiyənin Hatay vilayətində 30 dan çox ölkənin iştirakı ilə hər il təşkil olunan "Dünya Kuboku" yarışlarına Azərbaycanın da qatılmasına görə çox məmnun olduğunu bildirdi.

O, eyni zamanda Azərbaycan komandasının hələ indiyə qədər bir medal belə qazanmamasına görə də üzüldüyünü vurğuladı.Ama O, ABA güləşinin tezliklə Azərbaycanda inkişaf edəcəyinə inandığını bildirdi.  Elə bu səbəbdən də İbrahim bəy əsasən güləş,cüdo və samboya bənzər olan bu idman növünün tezliklə Azərbaycanda kütləviliyinin artırılmasının vacib olduğunu qeyd etdi. Görüşdə iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsinin  rəsmiləri , Murad Fərzəliyev,Nazir Rəhimov, sərbəst güləş üzrə əməkdar məşqçi Ramin Allahverdiyev və zorxana idman növü üzrə mütəxəssis Seyid Hadi Ərəbi bunun üçün öz təkliflərini beynəlxalq federasiyasının prezidentinə çatdırmışlar. 

Səmimi keçən tədbirin sonunda "Olimpiya dünyası" qəzetinin və "Olimpsport" İdman Klubunun təsis etdiyi Azərbaycan-Türkiyə ölkələri arasında siyasi-ictimai və idman sahələrində göstərdiyi yüksək xidmətlərinə görə İbrahim Öztəkə təşəkkürnamə diplomu təqdim olunub.